Yeni attraksionlarda hansı qiymətlər müəyyən ediləcək?
Bakı Bulvarına yeni attraksionlar gətirilir. Bununla da köhnələr yeniləriylə əvəz olunacaq.
ANS TV-nin məlumatına görə, Bulvar ərazisində uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə istismar müddətini başa vurmuş attraksionlar yenisiylə əvəz olunacaq. Artıq iki attraksion sökülüb və bu ilin sonuna qədər yeni attraksionlar gətiriləcək.
İstismar müddətini başa vuran attraksionlar bir növ təhlükə mənbəyidir. Məhz bunları nəzərə alaraq Dənizkənarı Bulvar İdarəsi ərazisində istismar müddətinin başa vuran attraksionlar yenisilə əvəzlənir. Köhnə attraksionların yerində müasir standartlara cavab verən attraksionlar quraşdırılacaq. Təzə attraksionlar İtaliyadan gətiriləcək. Köhnə karusellər artıq görtürülüb və onların yerində quraşdırılacaq yeni attraksionların bünövrəsi qoyulmağa başlayıb.
"Bu ilin sonuna qədər, 4 attraksionun yerinə ən müasir və İtaliyada istehsal olunan yeni attraksionlar quraşdırılacaq. Artıq quraşdırılması nəzərdə tutulan attraksionların ölçüləri də məlumdur. Attraksionların bünövrələri hazırdır və ilin sonuna qədər onların istifadəyə verilməsi planlaşdırılıb", - deyə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov qeyd edib.
Nazim Məcidov onu da bildirdi ki, yeni attraksionların gətirilməsinin qiymətlərə heç bir təsiri olmayacaq. Yəni qiymətlər əvvəl olduğu kimi qalacaq.
"Yalnız 1-2 attraksion var ki, onlar 5 manatadır. Qalanlari isə 1 manatdan başlayır. Qimətlərdə dəyişiklik olmayacaq".
Dənizkənarı Bulvar İdarəsindən onu da dedilər ki, attraksionların təhlükəsizliyi hər zaman nəzarətdədir və tez-tez yoxlanılır. Həmçinin Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları attraksionlara baxış keçirir və onlara sertifikat verirlər. Hazırda Dənizkənarı Bulvar ərazisində 26 attraksion fəaliyyət göstərir.