52 oldular, bəy...

29 Oktyabr 2014 10:20

Siyasi mübarizəni aparmağın vasitələri nifrət, hiddət və hikkə ünsürlərinin toxunmuş şəbəkəsindən ibarətdirsə, belə təşkilatın mövcudluğunun illər uzunu davam edəcəyi mümkündür. Amma o təşkilatın perspektivi, insanlar arasında sayğısı və dəstəkləyənləri çox olmayasıdır.
 

Ümumiyyətlə, "normal" haldır, çünki Azərbaycan müxalifətindəki son olaylar görmə qabiliyyəti zəif olan adamın gözəllik müsabiqəsinin münsiflər heyətində yer tutmağa çalışmasını xatırladır.
 

Gələk olaya.
 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa haqqında bəyanat imzalayıb.
 

APA-ya göndərilən bəyanatda bildirilir ki, üzvlərin istefasına səbəb şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniyadır. Qeyd olunur ki, şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə sabiq sədr K. Rəhimov arasında narazılıq yaranıb.
 

Bəyanatda şöbənin daha əvvəlki sədri Mahir Qulubəyli qarşıdurma yaratmaqda ittiham olunub: "Maddi maraqlarla bəzi gənclər Kəmaləddin Rəhimova qarşı şərəfsizcəsinə şayiələr yaydılar. Savadlı insanlar sıxışdırıldı. Bütün bunlara etiraz olaraq, AXCP rəhbərliyinə Nizamnamə pozuntuları və qruplaşmalar barədə məlumat verilsə də, araşdırma aparmaq əvəzinə, "süni" konfrans keçirildi, hakimiyyətin "yaxın dostu" İsa Qurbanov bir həftə ərzində AXCP-yə üzv qəbul edildi və şəhər şöbəsinə sədr seçildi.

Əlbəttə ki, bu hadisələr zamanı baş verənləri hələlik açıqlamaq istəmirik. Son bir ildə isə 5-6 nəfər savadsızlığı ilə şəhərdə ad qazanmış "lider cəbhəçi" artıq bizi bu qərarı verməyə vadar etdi. Təəssüflə qeyd edirik ki, son günlər baş verənlərlə bağlı AXCP rəhbərliyinə məlumat verilsə də, bunlara dur deyən olmadı. Ona görə də biz aşağıda qeyd olunan AXCP üzvləri, bu təşkilatda üzv qalmağı özümüzə utanc görərək, istefa verdiyimizi bəyan edirik".
 

Qalmaqaldır, özü də AXCP-də son vaxtlar yaşananları əks etdirə biləcək bir hadisədir.

Bəlkə də məhz bu səbəbdən partiya rəhbərliyi dərhal reaksiya vermək qərarına gəlib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı zahiri təmkinlə söyləyib ki, sən demə, K. Rəhimov partiya ilə əlaqəsini kəsibmiş və o, uzun müddətdir partiyada deyil.
 

Xüləs, buna görə də həmin adamın iddiaları əsassızmış və s.
 

Əfsuslar olsun ki, müxalifətçilər arasında özlərini hələ də "radikal və qətiyyətli" bəyan edənlər siyasətin incəsənət yox, elm olduğunu unudurlar.
 

Orxan Hun

Milli.Az