Bu gün ABŞ-da son illərin ən maraqlı və ən müəmmalı sindromunun araşdırılmasına başlanacaq. Həkimlər çağdaş səhiyyənin aciz qaldığı, mütəxəssislərin anlamadıqları sindromu çözmək istəyirlər.
ABŞ-ın Ayova ştatındakı Vaterloo şəhərində yaşayan 12 yaşlı Lendon Cons ötən ilin oktyabrın 1-dən bəri iştahını tam itirib.
Milli.Az ABC-yə istinadən bildirir ki, Lendonun atası Maykl və anası Debbinin dediklərinə görə, hər şey ötən ilin oktyabrın 14-də başlanıb.
Çox dəcəl, şən, həyətdə oynamağı, velosiped sürməyi və futbolu çox sevən Lendon yaxşı yeməyi də xoşlayırdı. Lakin həmin gün o, heç nə yemək istəmədi.
Durum ertəsi gün də təkrarlandı.
Təşvişə düşmüş valideynlər Lendonu yeməyə məcbur etməyə çalışanda balaca oğlan ağlayıb, "İştahım yoxdur, yemək istəmirəm!" deyib.
O gündən bəri Lendon gündə bir dəfə, zorla, saatlarla dilə tutulandan sonra yeyə bilir.
"Yemək, içmək istəmirəm. Aclıq və susuzluq hiss etmirəm. Amma gecə-gündüz başım ağrıyır, ürəyim bulanır. Sutkada 4 saat belədir", - Lendon Cons deyib.
Conslar ailəsi qəribə xəstəliyin sirrini tapıb müalicəyə başlamaq üçün indiyədək 5 klinika və hospitalda olublar.
Çifayda: həkimlər heyrətlənir, təəccüblənir, maraqlanır - amma dərdə çarə tapa bilmirlər.
Sidar-Rapids, De-Moyn və Medison hospitallarının məşhur həkimlərinin dediklərinə görə, konsiliuma, çox ciddi araşdırmaya ehtiyac var.
Roçesterdəki Mayo klinikasının ekspertləri isə hesab edirlər ki, Lendon dünyada misli olmaya, unikal xəstəliyə düçar olub.
Milli.Az