Şəhidin adını daşıyan şadlıq sarayının rəhbəri danışdı - VİDEO
29 Oktyabr 2014 09:36
Nazirlikdən məsələyə araşdırmalardan sonra cavab veriləcəyi bildirildi
Şəhidin adına şadlıq sarayının mövcudluğu təəccüblüdür. Amma bu şadlıq sarayı fəaliyyət göstərir, özü də artıq 3 aydır.
ANS TV-nin məlumatına görə, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən, əvvəllər şəhid İlqar Abbasovun adına mədəniyyət sarayı kimi tanınan bina artıq şadlıq sarayı kimi fəaliyyət göstərir. Təyinat dəyişsə də, şəhidin adı bu obyektdən götürülməyib. Bir neçə gündür ki, sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan bu xəbər müzakirə olunmaqdadır. Qəsəbə sakinləri deyirlər ki, yaşadıqları yerdə vur-tut bir mədəniyyət evi olub ki, o da indi şadlıq sarayına çevrilib.
Sakin Tofiq Mirzəyevin sözlərinə görə, mədəniyyət evini özəlləşdirib alaraq şadlıq sarayı ediblər.
Amma şadlıq sarayının rəhbərliyi unikal addım ataraq şəhidin adını sarayın girişindəki qapı üzərinə vurub. Şadlıq evindən bir nəfər bildirdi ki, burada nə iş aparılıbsa, hamısı qanuni şəkildədir.
Daha sonra məlum oldu ki, bizimlə söhbət edən şəxs elə şadlıq evinin rəhbəri Əli Hüseynovdur. Onun sözlərinə görə, sarayın içərisində şəhidin xatirəsinə ucaldılmış büst də yerində qalmaqdadır. Şadlıq sarayının rəhbərinin dediyinə görə, elə toy məclisinə gələnlər həm abidəni ziyarət etmiş olur, həm də toyda əylənə bilirlər. Mədəniyyət evinin şadlıq sarayı kimi fəaliyyət göstərməsinə gəlincə, Əli Hüseynov bildirdi ki, o, əvvələr elə mədəniyyət evinin müdiri olub. Və sonradan buranı özəlləşdirib.
"Şəhidin anasının xahişinə əsasən onun adına ithaf etmişik".
Əli bəy onu da dedi ki, mədəniyyət evinin şadlıq sarayı kimi fəaliyyəti artıq 3 aydır davam edir. Qaradağ Rayon İcra Hakimiyyətinin Sahil qəsəbə nümayəndəliyi isə problemə birmənalı yanaşmadı. Şifahi olaraq bildirdi ki, sahibkar həmin obyekti satın alıb. Oranın nə cür istifadəsi isə artıq bizim işimiz deyil.
Bu cavabla kifayətlənməyib rayon icra hakimiyyətinə üz tutduq. İcra hakimiyyəti başçısının müavini bildirdi ki, qəsəbədə yerləşən mədəniyyət evi Qaradağ Sement zavodunun balansında olub. Sözügedən zavod bağlandıqdan sonra onun balansında olan binalar da satışa çıxarılıb. "Bəs qəsəbədə başqa mədəniyyət evi varmı?" sualına müavin: "Bu yaxınlarda Gənclər Evi tikiləcək", - cavabını verdi. Mədəniyyət və Turizm Nazirliyindən isə məsələyə yalnız arşdırmalardan sonra cavab veriləcəyi bildirildi.