Bakıda bacısının başını kəsən qızın ailəsi didərgin düşdü
29 Oktyabr 2014 09:09
Ötən həftə bacısının başını kəsən 20 yaşlı Pərvanə Nuriyeva hamını şoka saldı. Oktyabrın ən səs-küylü və tükürpədici cinayətlərindən biri olan bu hadisənin sirr pərdəsi isə hələ də qalxmayıb. Pərvanənin bacısı Günelin boğazını kəsərək amansızlıqla qətlə yetirməsi müəmmalı olaraq qalır.
Goranboyda əmisi oğlu ilə öpüşüb-görüşdüyünə görə arvadını və onun daha 6 qohumunu yer üzündən silən Rafiq Hüseynovun cinayəti bu olaya qədər ən dəhşət doğuran qətliam sayılırdı. Amma Nuriyeva bacılarının ürəkparçalayan faciəsi "Goranboy terroru"nu kölgədə qoydu.
P.Nuriyeva ilkin ifadəsində bacısının cinsi azlıqlarla münasibətinə son qoymadığı üçün bu addımı atdığını deyib. Ancaq polis mərhumənin barəsində deyilənləri şayiə adlandırır. Eləcə də G.Nuriyevanın oxuduğu musiqi məktəbində tələbə yoldaşları cinsi oriyentasiya amilini böhtan hesab edirlər. Qatilin psixi pozuntusu olduğu da istisna edilmir. Yaxınları isə Pərvanədə heç bir psixoloji problem hiss etməyiblər.
Ancaq qətldən bu vaxta qədər Nuriyevlər ailəsi heç bir açıqlama verməyib, söz-söhbətə aydınlıq gətirməyiblər. Əslən Şəkidən olan bacıların atası, rayonda tanınmış iş adamı, bələdiyyə üzvü olan Etibar Nuriyev baş verən faciə barəsində bir kəlmə də olsun danışmayıb.
Bəlkə də deyəcək sözü yoxdur, yaxud da yaşadığı ağır faciənin sarsıntısından özünə gələ bilməyib. Ailədən bir açıqlama olmadığı üçün bu sirli qətl barəsində hər ağızdan bir söz eşidilir. Amma bilinmir ki, skripka ifaçısı olan Pərvanənin pianoçu bacısı Güneli belə dəhşətli şəkildə öldürməsinin arxasında nə dayanır. Odur ki, bu gizlin qalan məqamları araşdırmaq üçün Nuriyevlər ailəsinin Şəkidə yaşadığı ata evinə getdik.
***
Nuriyevlərin Şəkidə "Gəncəli məhəlləsi" deyilən massivdə evi var. Amma bu məhəllədəki evlərini tərk ediblər.
Darvazanı nə qədər döysək də açan olmadı. Məhəllə camaatının sözlərinə görə, onlar hazırda Vərəzət kəndində yerləşən bağ evində yaşayırlar, Günelin yas mərasimi də orada təşkil olunub. Gecə saatlarında kəndə üz tutub, oradakı evi axtardıq.
...Şəkidən aralıda, bomboş düzənliyin ortasında geniş bir ərazi hasarlanıb. Yan-yörədə nə işığı yanan ev var, nə bir yaşayış məntəqəsi. Tam bir səhranın tən ortasıdır və ətrafda ins-cins səsi belə eşidilmir. Xoşbəxtlikdən qarşımıza çıxan maşının sürücüsündən Etibar Nuriyevin evinin məhz həmin hasarın içində olduğunu öyrənirik.
Sürücünün dediyinə görə, qızların atası evdədir.
Qəribədir ki, özünü ətraf mühitdən təcrid edən Nuriyev böyük bir ərazini hasarlayıb ev tikdirib. Həyətin qapısından evə qədər xeyli yol var. İçəridə 3-4 it keşik çəkir. Ümumiyyətlə, ev baş yoldan 1, 5 kilometr aralıda yerləşir. Bir xeyli ev yiyəsini çağırandan sonra uzaqdan bir nəfərin gəldiyini görürük.
Özünü Etibar Nuriyevin qardaşı kimi təqdim edən və adını söyləməyən ağsaqqal bildirdi ki, danışmağa heç bir söz qalmayıb. Onun dediyinə görə, qardaşı hadisə ilə bağlı Bakıya gedib və bir gün sonra qayıda bilər. Nuriyevaların əmisi nə qardaşının nömrəsini verdi, nə də qətlin niyə baş verdiyini aydınlaşdırdı. Sadəcə, qızlar haqda yazılanların hamısı əfsanə adlandırdı: "Camaat hər şeyi bilir, əlavə nəsə deməyə ehtiyac yoxdur. Atası gələr, özü danışar. Mən heç nə deyə bilmərəm".
E.Nuriyevin qardaşı Pərvanədə heç bir psixi problem olmadığını qeyd etdi: "Televizorda o qədər deyilib ki, daha bəsdir. Bura qədər boğaza yığılmışıq. Etibar müəllim heç kəslə görüşmək istəmir. O qızın da heç bir problemi olmayıb, yazılanların hamısı əfsanədir, hərə bir söz danışır. Allah var başımızın üstündə və nə olduğunu görür"...
***
Ertəsi gün yenidən səhər saatlarında Nuriyevlərin yaşadığı "gözdən uzaq, könüldən iraq", qəribə bir yer olan əraziyə gəlirik. Qapını xeyli döyəndən sonra bu dəfə bağda işləyən fəhlə qarşımıza çıxır və evdə heç kəsin olmadığını, hamının Bakıya getdiyini deyir...
***
Lakin Şəkidə Nuriyevlər ailəsini tanıyanlar bəzi məlumatlar verdilər. Əvvəla, haşiyə çıxaraq deyək ki, rayonda bu qətl haqda hamı susur, E.Nuriyevi isə hörmətli bir adam kimi təqdim edirlər. Deyilənlərə görə, E.Nuriyev müxtəlif növ quş həvəskarıdır. Həyətində cürbəcür ağaclar əkib, qırqovul, tovuzquşu, ördək, bildirçin və başqa çöl quşları saxlayır. Onun həyəti 4 hektar ərazidən ibarətdir və gələcəkdə təsərrüfat işlərini genişləndirmək planı olub. Onun balıqçılıq gölü, meyvə ağacları var.
Şəkidə bu ailəni tanıyanlar danışırlar ki, Nuriyev hər üç övladının tərbiyəsi ilə şəxsən özü məşğul olub, onlara bərabər səviyyədə baxıb, birinə aldığını o birindən əsirgəməyib: "Hətta musiqi təhsili alan qızları üçün Balakəndən xüsusi müəllim gətirmişdi. Əkiz qızların şəkillərini də ofisdə stolunda qoyurdu. Amma üç bacını bir-birindən ayırmazdı, onlara eyni dərəcədə baxardı. Böyük uşağı balacasından fərqləndirsin, ya birinə paltar alanda o birinə almasın, belə şey ola bilməz. Uşaqlara qarşı olduqca həssas davranardı. Burda oturma orda otur, bunu belə eləmə, onu belə qoy. Yəni onlardan gözünü ayırmazdı. İndi eşitdiyimə görə, şokdadır. Heç özləri də bilmir ki, bu hadisə necə olub, niyə olub. O uşaqlarda heç kəs psixi problem hiss etməyib. Bəlkə də Bakıda mühit onları dəyişib".
***
Beləcə, Pərvanənin bacısını öldürməyə qızlar arasında ayrı-seçkilik qoyulmasının səbəb ola bilməsi ehtimalı da puç çıxır. Yerdə qalır qısqanclıq və psixoloji vəziyyət amilləri. Buna da istintaq yekun qənaətə gələcək.
Nuriyevlər ailəsinin qapalı olması haqda deyilənlərə gəldikdə isə Şəkidə onları tanıyanlar deyirlər ki, Etibar həmişə camaat arasında olub, ünsiyyət quran adamdır, heç kimdən qaçmırdı.
Onu da söyləyirlər ki, 2000-ci il hadisələri zamanı da E.Nuriyevin başı çox ağrıyıb. Belə ki, Şəkidə baş verən hadisələrdə tanınmış iş adamı Tehran həbs olunub. Həmin zaman Nuriyev onun mühasibi olub deyə başı müsibətlər çəkib. Hazırda bələdiyyə üzvü olan Nuriyevin başına gələn bu hadisədən Şəki bələdiyyəsində də danışırlar. Amma mətbuata yox, özləri arasında...
Yeni Müsavat