Dağlar qoynunda sübh bazarı - VİDEO

28 Oktyabr 2014 17:43

Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, Tovuzun Çeşməli kəndinin girəcəyində yerləşən  bazarın bir tərəfində dağlar, digər tərəfindəsə çay var. Səhərin erkən saatlarında açılan bazara hamıdan əvvəl kəndin qəssabları gəlir. Sübh tezdən mal-heyvanları kəsib çayın soyuq suyunda yuyan bu qəssabların işi, demək olar ki, 3-4 saat ərzində bitir. Çünki alıcılar çoxdur.

Satıcı Sücəddin Məmmədov: "Hər bazar bir heyvan kəsirik. Onu da bax görürsüz belə gəlib alırlar. Öz yerli heyvanlarımızdır. Qapı mallarımızdır. İstəyən olanda belə kəsib satırıq".
 

10 il bundan əvvəl fəaliyyətə başlayan bazar yeddi kəndin sakininə xidmət göstərir. Sakinlər bazar olmayanda çox çətinlik çəkirdilərsə, indi işləri rahatdır.
 

Vaxt olub ki, bu kəndlərin sakinləri bir dəstə göyərti almaq üçün 50 kilometr yol getməli olublar. Onlar bunun üçün Tovuzun mərkəzinə getməli idilər. Amma indi burada göyərti də, nar da, soğan da, kələm də, bir sözlə hər şey tapmaq mümkündür.

Çeşidli mallar alıcıları qane edir. Bazar kənddə yerləşdiyi üçün burada ancaq kənd təsərrüfatı mallarının olması təəssüratı yaranır. Lakin belə olmadığı görüntülərdən bəlli olur. Bazardan paltar, ərzaq və min bir xırdavat məhsulları da tapmaq olar. Satıcılar deyir ki, mallarımız kefiyyətli və ucuzdur.

Satıcı Bünyad Cəfərov: "Heyvandarlıq, kənd təsərrüfatı malları hamısı keyfiyyətli və ucuzdur. Rayon camaatı, Bakıdan gələn qonaqlar hamısı buradan alıb aparırlar".

Bazarda sanitar vəziyyət də nəzarətdədir. Həm kənd sakinləri, həm də bazarın baytarı məhsulların keyfiyyətinə və təmizliyinə riayət edir. Hər kəs bazarda keyfiyyətli məhsulun satılmasında maraqlıdır. Çünki alıcı da, satıcı da burada elə eyni adamlardır.


Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.