Azərbaycanlı aktrisa: "Açıq-saçıq səhnəyə çəkinmədən çəkildim" - FOTOSESSİYA

3 Noyabr 2014 01:05
Aktrisa Vəfa Babayevanın Milli.Az-a müsahibəsi.

- Vəfa xanım, tamaşaçılar sizi hazırda yayımlanan "Qisas" serialından yaxşı tanıyırlar. Necə oldu ki, baş rola təsdiqləndiniz?

- Yaxın bir rəfiqəmin tanışı rejissordur. Mənimlə söhbət zamanı dedi ki, səni onunla tanış edəcəm. Hansısa bir filmə, ya da seriala uyğun bilsə, səni də çəkər. Bizi görüşdürdü. Elə oldu ki, həmin rejissor məni birbaşa baş rolda görmək istədiyini dedi. Razılığa gəldik, mən də tərəddüd etmədən təklif olunan rolu qəbul etdim.

- Həmin serialda bir təcavüz səhnəsi var. Sözügedən səhnəni Azərbaycan tamaşaçısı üçün kifayət qədər açıq-saçıq hesab etmək olar. Bu cəsarət sizdə haradan yarandı ki, həmin səhnəyə çəkilməyi qəbul etdiniz?

- Əgər mən özümə aktrisa deyirəmsə, deməli, mənə həvalə olunan hər bir rolu oynamağı bacarmalıyam. Açıq-saçıq səhnəyə çəkinmədən çəkildim. Bunun KİV-də, eləcə də tamaşaçılar tərəfindən birmənalı qarşılanmayacağını da yaxşı bilirdim. Hər şeyi nəzərə almışdım. Amma mən bu sənətin vurğunuyam. Bacardığım qədər bu sənətdə özümü göstərməyə çalışıram.

- Sizcə, bu sizdə yetərincə alınıb?

- Hesab edirəm ki, mən hələ heç nə etməmişəm. Yolun başlanğıcındayam. Amma belə getsə, bir neçə ildən sonra istədiklərimə tam şəkildə nail olacağımı düşünürəm.

- İndi əksər gənc aktrisalar işləmək üçün xarici ölkələrə, xüsusən də Türkiyəyə getməyə can atırlar. Siz də bu niyyətdə olanlardansınız?

- Türkiyədə yaşamaq, işləmək mənim çoxdankı arzularımdan biridir. İmkan yaranan kimi İstanbula üz tutacağam.

- Niyə məhz İstanbula?

- Sevirəm oranı. Çünki çox gizli şəhərdir.

- Məxfiliyi bu qədər çox xoşlayırsınız?

- Bəli, qapalılığım var. Hər sirrini bölüşən insanlardan deyiləm.

- İnsan vətənsiz yaşaya bilməz. Bəlkə, sizi təngə gətirən seriallarımızın bir o qədər də inkişaf etməməsi, yaxud da müəyyən "qayda pozuntuları"dır? Bəlkə, ona görə burada işləmək istəmirsiniz?

- Bircə onu bilirəm ki, bizdə qabağa getmək asan məsələ deyil. Bu gün bir çox rejissorlar öz maddi və mənəvi mənafelərini güdürlər. Özlərinə nə sərf edirsə, onu da edirlər.

- Yəqin ki, tanış-bilişi, qohumu və s. seriallara çəkməyi nəzərdə tutursunuz. Özü də qonorarsız.

- Bu amil də var. Bu da vacib məsələlərdən biridir. Buna görə bir çox istedadlı aktrisa və aktyor kölgədə qalır. Kimisi öz qonşusunu çəkir, kimisi qohumunu, kimisi də "sevgili"sini.

- Siz belə hallarla qarşılaşmısınız? Hansısa rejissordan ədəbsiz təklif almısınız?

- Bəli, bir dəfə olub. Həmin rejissorun adını çəkməyəcəm, amma məni filmə çəkmək üçün mənə belə təklif etdi. Mən də ona məni başqaları ilə səhv saldığını deyib otaqdan çıxdım.

- Ananız əməkdar artistdir. Maraqlıdır, siz sənətə onun arzusu ilə gəldiniz, yoxsa öz seçiminiz oldu?

- Anam mənim aktrisa olmağımın qətiyyən əleyhinə idi. Məni heç bir səhnədə, filmdə, serialda görmək istəmirdi. Ancaq mən qərarımı artıq vermişdim. Allahdan başqa heç kim məni tutduğum yoldan döndərə bilməzdi. İndi peşman deyiləm, nə yaxşı ki, aktrisa oldum.

- Bəs təcrübəli bir aktrisa kimi sizin çəkildiyiniz açıq-saçıq səhnəyə necə münasibət bildirdi?

- Məncə, anam nə o vaxt, nə də indi heç bir açıq epizodda çəkilməzdi. Ancaq o mənə inanır. O yaxşı bilir ki, həmin səhnədə Vəfa yox, hansısa bir obraz "zorlanır". Bu baxımdan, mənə xeyir-dua verdi və dəstək oldu.

- "Qisas" serialından öncə, yaxud da sonra hər hansı bir teatrdan iş təklifi alımısınız?

- Uşaqlıqda bir neçə tamaşada səhnəyə çıxmışam. Bir neçə müddət bundan öncə isə Akademik Milli Dram Teatrında "Danışan gəlincik" adlı tamaşada rol aldım. Sözün düzü, ondan sonra heç bir teatr səhnəsində çıxışım olmayıb. Ancaq hər şeyi zaman göstərər. Hələ ki, öz üzərimdə ciddi səylə çalışıb, sənəti daha da dərindən mənimsəmək istəyirəm.

Cavidan Abdullayev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.