Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır

28 Oktyabr 2014 17:32

Bütün qadınlar gözəl və cazibəli görünmək istəyir

Buna görə də zəif cinsin nümayəndələri kosmetik vasitələrdən istifadə edir. Amma çoxu onların zərərləri, saxtalığı, dəridə yaradacağı fəsadlar haqqında maraqlanmır. İstehlakçıların asanlıqla əldə edə bildiyi saxta məhsulların qabları, şüşələri və istifadə qaydaları bir-birinin təqlidi olduğundan əslində saxta ilə orijinalı fərqləndirə bilmək o qədər də asan deyil.

Kosmetoloq Könül Quliyevanın sözlərinə görə, saxta kosmetik vasitələr tərkibində olan xarici faktor və ya qoruyucu maddələr səbəbilə saçın tökülməsinə, dəridə həssaslıq, qızartı, qaşınma və allergik reaksiyalara səbəb olur və istehlakçının həyatını bəzən təhlükə qarşısına da alır. İstehlakçıların pərakəndə və ya e-ticarət yoluyla satın aldıqları bütün məhsulların etibarlı olub-olmadığına nəzarət etməsi lazımdır. "Burada müəyyən vəzifə istehlakçıların da üzərinə düşür. Hər bir istehlakçı istifadə etdiyi orjinal məhsulların qablarını atmamışdan öncə yararsız vəziyyətə gətirməlidir. Bununla yanaşı kosmetik məhsul alarkən məhsulun satış qiymətinə diqqət yetirin. Bazar qiymətindən ucuz satılan məhsulların saxta və ya satışa icazəsiz çıxarıldığı şübhə altındadı. Məhsulun qabı üzərində olan qeydlər, qabın içindəkilər, qeyd kağızındakı məlumatlarla eyni olmalıdır".

Müsahibimiz bildirir ki, məhsulun qabı üzərində istifadə edilən rənglər parlaq və canlı, yazılar isə oxunaqlı olmalıdır. Məhsulun qabında istifadə edilən kağızın qalın, keyfiyyətli və parlaq (cilalı) olduğundan əmin olmaq lazımdır. Məhsulun Azərbaycan dilində istifadə qaydaları olması da məhsulun icazə verilmiş məhsul olduğunu sübut edir.

Kosmetoloqun dediyinə görə, çox zaman qadınlar "xarici mal keyfiyyətli olar" deyib müxtəlif xarici saytlardan kosmetik vasitələr sifariş edilər. Amma unutmamaq lazımdır ki, çox zaman saytlardan sifariş edilən məhsullar yararsız, keyfiyyətsiz, saxta olur. Məhsul internet saytları ilə əldə edilirsə, istehsalçı və ya idxalatçı firmanın məlumatları tələb olunmalıdır. İdxalatçı və ya istehsalçı firma ilə əlaqə saxlayıb məhsulun keyfiyyətinə əmin olduqdan sonra sifariş etmək olar.

Həmsöhbətimiz deyir ki, saxta kosmetik vasitələr günəşin zərərli şüaları ilə birlikdə ciddi problemlərə yol aça bilər: "Gündəlik istifadə etdiyimiz ətir saxtadırsa, ləkələnmələr meydana gələ bilər. Ətri çox zaman boynumuza sıxırıq. Bu bölgədə günəş şüası ilə təmas etdiyi zaman dəridə ləkə, qızartı, qaşınma yarana bilər. Bu, adı məlum olmayan vasitələrdən istifadə zamanı özünü daha çox büruzə verir. İstifadə etdiyiniz üz kremləri, boyalar, ənlik, kirşan saxtadırsa, dəridə yanma, batıqlar, sızıltı, göynəmə və gərginlik müşahidə edilə bilər. Bəzən bu əlamətlər dözülməz həddə çata bilər. Belə problemləri olan insanlar spirt, vitamin A, alfahidroksin turşularından istifadə etməməlidir. Şikayət varsa, həssas dəri üçün hazırlanmış təmizləyicilər, nəmləndiricilər və günəş qoruyucularından istifadə edilməlidir. Unutmayın ki, dəridəki zədələnmələr qana keçə bilər".

K.Quliyevanın sözlərinə görə, bəzi kosmetik məhsulların tərkibində xərçəng riskini artıran zərərli kimyəvilər mövcuddur. "Məsələn, biomutagenlər adlı kimyəvi maddələrə uzun müddət məruz qalmaq sağlamlıq baxımından zərərlidir. Bir çox ətir və dırnaq boyalarında istifadə edilən fitalatlar hormon pozucu olduğu üçün bu məhsullardan tez-tez istifadə edən qadınlarda hamilə qalma, doğuş problemləri yaşanıla bilər".

"Çox zaman qadınlarımıza makiyajdan az istifadə etmələrini məsləhət görürəm, çünki dəri xarici faktorların təsiri ilə zədələnir və tez qocalır. Bunu qadınlar başa düşmək istəmir, bəziləri isə "onsuz da çəksəm də, çəkməsəm də, qocalacağam" deyir" deyən Quliyeva, əslində üzü təmiz, problemsiz olan qadınlara gündəlik həyatlarında kosmetikadan istifadə etməməyi məsləhət görür. Müsahibimiz bildirir ki, yaxşı, keyfiyyətli kosmetika heç bir zaman ucuz satılmaz, amma hər bir kosmetik vasitənin müəyyən fəsadları var, orijinal olsa belə. "Bu səbbədən də çalışın ki, hər zaman keyfiyyətli və dərinizə uyğun vasitələrdən istifadə edəsiniz".

Ekspress.az