İsa Qəmbərin əksi...

28 Oktyabr 2014 17:14
Müsavata başqan seçilmiş Arfi Hacılını hamı intriqant, qisasçı, tez özündən çıxan adam kimi xarakterizə edir. Türkün sözü, oysa, əski başqan bunun tam əksi idi. Hətta qatı siyasi rəqibləri belə hesab edirdilər ki, ekstremal situasiyalarda nə qədər bacarıqsız, xəsarətsiz olsa da, səbrlidir, təmkinlidir, özündən çıxan deyil. Müsavatın əski başqanı bu keyfiyyətlərini bir neçə dəfə televiziyada sübuta yetirib. AXCP-yə meylli teleaparıcıları hazırcavablığı ilə çətin vəziyyətə salıb. İsa Qəmbər bu qədər adamı ətrafında təmkini, səbri ilə birləşdirmişdi. Hazırkı siyasi liderlərdən heç biri onun kimi deyil. Əli Kərimli tənqidə dözümsüzdü. Barəsində balaca bir tənqid yaz, adamları Facebook sosial şəbəkəsində insanı anadan doğulduğuna peşman edərlər. AXCP-də bu üzdən demokratiya, açıqfikirlilik yoxdur. Fərqli fikir artıq dışlanma deməkdir. Əgər biri AXCP-dən qovulmaq istəyirsə, sədri tənqid eləsin. Gəncliyinin "Yurd"un möhkəmlənməsinə, Əli Kərimlinin güclənməsinə həsr etmiş Əliməmməd Nuriyevi belə bağışlamadılar. Kərimliyə sümük qohumu olan Nuriyevi o qədər aşağıladılar ki, rayon şöbəsi, hətta dayaq dəstəsi səviyyəsində partiyadan xaric etdilər. Mirmahmud Mirəlioğlu tənqidçilərin hamısını partiyadan qovdu.

İsa Qəmbər bu baxımdan usta idi. Onu tənqid etmirdilər. O zaman tənqid edirdilər, o adam artıq Müsavatla yollarını ayırırdı. Arif Hacılı bütün parametrlər üzrə İsa Qəmbərin əksidir. Qurultaydan sonra baş verən proseslər göstərdi ki, İsa Qəmbər olmasa, lazımi anda məsləhət verməsə, Hacılı narazılarla bir günün içərisində dalaşar, hər şeyi bərbad edər. Ətrafında iki davakar, səbrsiz adam var. Biri Osman Kazımov, o birisi isə qardaşı Mustafa Hacıbəyli. Əgər onların sözünə baxsa, Arif Hacılı başqanlıq etməyə adam tapmayacaq. Özü də qəribə xasiyyəti var. Bəzi ağzıgöyçəklər, başqa yerə yozub eləməsin. Yox, Müsavat Avropa Liberal Hərəkatının üzvüymüş, yox, Avropada çoxlu müttəfiqi var, deməsinlər. Nəsə, Hacılı son zamanlar ritorikasında erotikaya çox yer verir. Qurban bayramında bəyanat verib deyir ki, "gəlin qucaqlaşaq". Məclisdə deyib ki, "hamını bağışlayıram, gəlsinlər, öpüşüb görüşək". Cem Yılmaz demiş, bu nə ya? Nə oldu bu adama? Bu ki köhnələrdən, dəliqanlılardan idi... İsa Qəmbər bundan şükürlü idi ki. Uzaq başı yalan danışar, "Qələbə"yədək siz gəlin, oradan o yana mən aparacam" deyib, aradan çıxardı. Ya, "Mən buna yol vermərəm" deyib, dar məqamda gözdən itərdi.

Təzə başqanın danışığından gözüm su içmir. Gənclər Təşkilatının təzə rəhbəri də "qlamurka bakinka" çıxdı, nə olacaq, arxadaşlar?! Bəlkə, Müsavat Avropa Liberal Hərəkatındakı müttəfiqlərinə oxşamağa başlayıb? Türkiyədən, Amerikadan qrant kəsilib, bəlkə bu yolla Avropadan yeni maliyyə kanalı açmaq istəyirlər, kim bilir. Mənə elə gəlir ki, yeni başqanın narazılarla qucaqlaşmaq taktikası daxildə yox, xaricdə, Avropada dəstək qazana bilər. Unutmayaq ki, başqan seçilən kimi Hacılı Türkiyəyə, Ukraynaya yox, Avropaya getdi. İndi zaman dəyişib, daxildə dəstək, elektorat olmasa da olar. Əsas Avropanın dəstəyidir. Görünür, Hacılı bu nüansı yaxşı tutub.

Olaylar.az