"Müsavat Məclisinin bəyanatı bizim üçün önəmli deyil!"

28 Oktyabr 2014 16:30
"Müsavat Məclisinin narazı müsavatçılarla bağlı qəbul etdiyi bəyanat bizim üçün önəmli deyil. Çünki bizim üçün onun heç bir hüquqi əsası yoxdur". Bunu SİA-ya açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoy vurğulayıb ki, ortada saxtakarlıq faktları var və bununla bağlı partiyaya rəsmi müraciət olunub: "Onlar zəhmət çəkib məclisdə bunu araşdırardılar. Məclisdə partiyanın Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) heç bir qərarı müzakirə olunmayıb. Onlar MNTK-ya təzyiq etmək üçün belə bir bəyanat veriblər. Hesab edirlər ki, bundan sonra narazı olanlar geri çəkiləcəklər. Beş qara qəpiyə dəyməyən bəyanatın mənim üçün əhəmiyyəti yoxdur".

Başqanlığa keçmiş namizəd bildirib ki, saxtakarlığa göz yummayacaqlar: "Partiyanın daxilində baş verən saxtakarlıq faktlarını ortaya qoymaq lazımdır. Saxtakarlığa yol verənlər cəzalandırılmalıdır. Buna göz yumanlar, göstəriş verənlər etiraf etməlidir. Yalnız bundan sonra məclis hər hansı bir bəyanat verə bilər. Əks təqdirdə, saxtakarlar çox ciddi cavab alacaqlar. Hazırda partiyaya etdiyimiz müraciətə cavab verilməsini gözləyirik. Rəsmi cavab gəldikdən sonra onlara tutarlı cavab verəcəyik".

Milli.Az