İnternet vergisi qiyama səbəb oldu

28 Oktyabr 2014 22:47
Budapeştdə Macarıstanın minlərlə sakini internet trafiki üçün verginin tətbiqinə qarşı kütləvi etiraz aksiyalarında iştirak edib. Etirazçıların fikrincə, təklif edilən yeni qanun əsas demokratik hüquq və azadlıqları pozur.

Oktyabrın 22-də Macarıstan hökuməti 2015-ci ildən ölkədə internet trafiki üçün verginin tətbiqinə dair qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib. Hökumət nümayəndələri provayder və rabitə operatorlarından 1 qiqabayt trafik üçün 150 forintinin tutulmasını təklif edirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qanun layihəsi təqdim edildikdən dərhal sonra Facebook sosial şəbəkəsində etiraz aksiyasında iştiraka səsləyən qrup yaradılıb. Qrup dörd gün ərzində 210 mindən çox tərəfdaş toplamağa nail olub. İqtisadiyyat Nazirliyi qarşısında keçirilən mitinqdə isə 10 minə yaxın etirazçı iştirak edib.

Mitinq təşkilatçılarının fikrincə, yeni qanun Macarıstanın ictimai sinifləri arasında texnoloji fərqi gücləndirəcək, məktəb və universitetlərdə internetə çıxışı məhdudlaşdıracaq.

Aksiya təşkilatçıları hökumətin iki gün ərzində qanun layihəsini geri götürməyəcəyi təqdirdə yeni etiraz aksiyaları keçirəcəyini bəyan ediblər.

Milli.Az