Panasonic qocalar üçün servis hazırlayır

28 Oktyabr 2014 20:38
Yaponiyanın Panasonic şirkətinin səhiyyə üçün həllər üzrə Şimali Amerika bölməsi qocalar evinin sakinlərinə yaxınları ilə planşetlər vasitəsilə əlaqə saxlamağa kömək edən və xəbərdarlıqlar verən On4Today adlı servis hazırlayır.

Hərəkət və tapşırıqlar barədə xəbərdarlıqlar eyni anda həm əyani, həm də şifahi formada veriləcək. Servisin interfeysində iri şriftdən və sadələşdirilmiş sensor naviqasiyadan istifadə olunacaq. On4Today servisində əsas funksiyalarla yanaşı, fotoşəkil və videoyazı qalereyası nəzərdə tutulur.

Hazırda Panasonic planşet istehsalçıları ilə birgə işləyərək On4Today üçün optimal model seçir və istifadəçi interfeysinin tələblərini razılaşdırır. Abunə ödənişi əsasında istifadəsi mümkün olacaq xidmətin cari ilin noyabrında istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Panasonic Yaponiyada ahıllar və yataq xəstələri üçün texnologiyaların hazırlanması ilə uzun müddətdir məşğuldur. Şirkətin hazırladığı texnologiyalar arasında robotlaşdırılmış çarpayı və saç yuyulması üçün maşını qeyd etmək olar.

Milli.Az