""Milli Şura"nın növbəti aksiyası iflasdan betər olacaq"

28 Oktyabr 2014 16:26
"Bir müddət əvvəl baş tutan aksiyanın nəticələri bir daha göstərmiş oldu ki, "Milli Şura"nın ictimaiyyət arasında heç bir dəstəyi yoxdur. Bu səbəbdən də keçirilməsi nəzərdə tutulan aksiyada əvvəlkindən daha az iştirakçı olacaq". Milli.Az sia.az-a istinadən xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Milli Şura"nın növbəti dəfə aksiya keçirmək iddialarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavat Partiyasının bir qrup üzvləri sonuncu aksiyaya qatılsalar da, "Milli Şura"nın nümayəndələri ilə onlar arasında bütün etik normalardan kənar savaş oldu: "Bununla da insanlar onların, əslində, dırnaqarası demokratik düşərgə deyil, bütövlükdə bolşevik təfəkkürlü düşüncə sahibi olduqlarını gördülər. Ona görə də "Milli Şura"nın növbəti aksiyası onların iflasından da betər olacaq".

Sədr müavini onu da qeyd edib ki, müxalif qüvvələrin təşkil etdikləri aksiyaları şərtləndirən 2 əsas faktor var: "Bu, ilk növbədə, düşərgə daxilində rəqabət və konfliktlərlə bağlıdır. "Milli Şura" və orada təmsil olunan bir neçə şəxs, o cümlədən Əli Kərimli hesab edir ki, bu gün Müsavat Partiyası daxilində baş verən qarşıdurmalar və qurultaydan sonrakı hadisələr daxili ziddiyyətləri daha da dərinləşdirib. Belə olduğu təqdirdə, onlar daha radikal addımlar atmaqla həmin düşərgədə olan radikal düşüncəli insanları və qrupun üzvlərini proseslərə cəlb edə bilərlər. Beləliklə də, əzəli rəqibləri olan Müsavat Partiyasını radikal düşərgənin gündəmindən silib çıxara bilərlər".

"İkinci faktor bu gün Azərbaycana düşmən olan beynəlxalq təşkilatların apardıqları siyasətlə bağlıdır. Ənənəvi olaraq radikal düşərgə, o cümlədən "Milli Şura" adlanan qurumun üzvləri özlərini xaricə, xüsusilə də erməni maraqlarını ifadə edən qüvvələrə sırımaq üçün ölkə daxilində ziddiyyətləri gücləndirməyə çalışırlar. Fikir versək, görərik ki, onlar faktiki olaraq hər zaman eyni istiqamətdə hərəkət edirlər", - deyə E. Mirzəbəyli məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Milli.Az