Azərbaycan qış rejiminə vaxtından əvvəl keçəcək?

28 Oktyabr 2014 15:43

"Azərbaycanda istilik təsərrüfatı 2014-2015-ci illər mövsümünün başlamasına tam hazırdır"

Bunu Trend-ə "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, müəyyən edilmiş normalara uyğun olaraq, Azərbaycanın dağlıq rayonlarında isitmə mövsümü noyabrın 1-nə, ölkənin digər rayonlarında isə noyabrın 15-nə təsadüf edəcək: "Bütün lazımi hazırlıq işləri görülüb və hazırda balansımızda olan bütün infrastruktur və qazanxanalar mövsümün başlamasına tam hazırdır".

İstilik mövsümünə nəzərdən tutulmuş müddətdən tez başlama imkanları haqqında danışan ASC sədrinin müavini qeyd edib ki, hava şəraiti nəzərə alınmaqla buna ehtiyac yoxdur: "İstilik mövsümünə nəzərdən tutulmuş müddətdən tez başlamaq üçün havanın temperaturu bir neçə gün ərzində 6-8 dərəcə və ya aşağı olmalıdır. İstilik mövsümünə tez başlama səbəblərindən biri hava şəraitinin kəskin pisləşməsi də ola bilər və bunun üçün qazanxanaların işə salınması üzrə xüsusi hazırlıq qrafiki mövcuddur".

İ.Mirzəliyevin sözlərinə görə, lakin hazırda havanın temperaturu 14-16 dərəcə isti təşkil edir: "Müvafiq olaraq, isitmə mövsümünə nəzərdən tutulmuş müddətdən tez başlamağa ehtiyac yoxdur. Normalara uyğun olaraq, isitmə mövsümündən sonra binalarda havanın temperaturu 18-20 dərəcə isti, tibb müəssisələrində isə 20-22 dərəcə isti olur. Yaşayış binaları və digər obyektlərin (məktəb, uşaq bağçaları, sosial obyektlər) də payız-qış mövsümünə hazır olması önəm kəsb edir. Bundan başqa, təkcə istiliyin verilməsi deyil, həm də onun itkiyə məruz qalmasının qarşısını almaq vacib amildir".

ASC sədrinin müavini əlavə edib ki, istilik itkisinin qarşısını almaq üçün bütün binalar hermetik giriş qapıları ilə təmin olunmalıdır, həmçinin binaya giriş yolunun pəncərələri hermetik olmalıdır, zirzəmilərin və damların da istilik izolyasiyasını təmin etmək lazımdır: "Bununla da bu istiqamətdə zəruri tədbirləri görmək lazımdır. Son illər ərzində mərkəzi istilik sisteminin bərpa edilməsi və onun əhatə dairəsinin genişləndirilməsi sahəsində xeyli işlər görülüb. Görülmüş işlər nəticəsində ASC-nin istilik verdiyi binaların sayı 988-dən (2005-ci il) 3500-dək artıb".

Qeyd edək ki, Azərbaycan sinoptiklərinin proqnozlarında artıq bir neçə müddətdir gecə saatlarında temperatur 5-10 dərəcə isti göstərilir.

Milli.Az