Azərbaycanda məmurlar 14-15 yaşlı qızların toyunda iştirak edirlər

28 Oktyabr 2014 14:33

Elgün Səfərov: "Aidiyyatı qurumlar öz ərazilərində qeyri-rəsmi ailə münasibətində olanların qeydiyyatını aparmalıdır ki, onların münasibətindən doğulan uşaqlar qeydiyyatsız qalmasınlar"

"Bəzən Azərbaycanda erkən nikaha girən ailələrin qurulmasına şahidlik edən, onların toyunda iştirak edən məmurlar 14-15 yaşında qızın gəlinlik geyinməsinə göz yumurlar. Bu çox təəssüfedici haldır. Erkən nikah halları ilə mübarizə üçün belə faktlar barədə aidiyyatı qurumlara məlumat vermək əhəmiyyətlidir. Bu hadisəni görən məmur da öz üzərinə düşən vəzifəni yerinə yetirməli, 14-15 yaşında ailə quran qızlarla bağlı sahə müvəkkillərinə, icra hakimiyyətlərinin aidiyyatı şöbələrinə bilgi verməlidirlər".

Milli.Az xəbər verir ki, movqe.az-a açıqlamasında bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov deyib. E. Səfərov icra hakimiyyətlərinin qəyyumluq, hüquq şöbələrini, sahə müvəkkillərini qeyri-rəsmi nikah hallarını qeydə almamaqda da günahlandırıb: "Bu günlərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışında Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev qızların təhsildən yayınması, erkən nikahı məsələsinə toxundu. Erkən nikahlar qızların təhsildən yayınmasında rol oynayır. Amma bu gün qeyri-rəsmi nikahların qeydə alınmaması bu problemin miqyasını böyüdür. Aidiyyatı qurumlar öz ərazilərində qeyri-rəsmi ailə münasibətində olanların qeydiyyatını aparmalıdır ki, onların münasibətindən doğulan uşaqlar qeydiyyatsız qalmasınlar. Bu həmin qurumların üzərinə xüsusi məsuliyyət kimi qoyulmalı, vəzifəsinin öhdəsindən gəlməyən məmurlar buna görə hətta işdən azad edilməlidirlər".

Milli.Az