Normandiya onunla vidalaşır

28 Oktyabr 2014 14:19
Normandiya "Total" şirkətinin rəhbəri Kristof de Marjeri ilə vidalaşır. Oktyabrın 21-nə keçən gecə Moskvadakı Vnukovo hava limanında baş vermiş təyyarə qəzası zamanı həlak olan fransalı sənayeçi bu gün Sen-Per-sur-Mer şəhərinin qəbiristanlığında dəfn olunacaq.

AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, ailəsinin istəyinə görə, onu son mənzilə yola salmaq üçün yalnız yaxın qohumlar dəvət alıblar.

Kristof de Marjerinin yay iqamətgahı Normandiyada dəniz kənarında yerləşir. O, 2000-ci ildə yerli qəbristanlıqda ailə məzarlığı üçün alınan yerdə dəfn olunacaq.

Bu ərəfədə Parisin Sen-Syulpis kilsəsində 1700 nəfərin iştirak etdiyi anım mərasimi keçirilib. Mərasimdə ölkə rəhbərliyini prezident Fransua Olland təmsil edib. Onunla birlikdə baş nazir Manuel Vals, bir sıra nazirlər, "Total" korporasiyasının vəzifəli şəxsləri, həmçinin Beynəlxalq Valyuta Fondunun başçısı Kristin Laqard da iştirakçılar arasında olublar.

Milli.Az