Valeri Fedorçuk: ""Qarabağ" güclü klubdur, amma bizdən zəifdir"

28 Oktyabr 2014 13:48

"Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq asan deyil. "Qarabağ"a məğlubiyyəti təsadüf sayıram". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Valeri Fedorçuk deyib.
 

Hazırda icarə əsasında "Volın"da çıxış edən futbolçu "Dnepr"in "Qarabağ"a 0:1 hesabı ilə uduzmasına təəssüflənir. O bildirib ki, qrupdan növbəti mərhələyə çıxmağa ən real namizəd "Dnepr" və "İnter"dir: "Azərbaycan klubuna məğlubiyyət gözlənilməz idi. Heç kim inanmazdı ki, "Dnepr" doğma meydanda uduzacaq. Əslində, komandamız yaxşı oynadı, xeyli qol epizodu yaratdı. Amma əlinə düşən imkanları boşa verdi. Biz "İnter"lə birlikdə qrupdan çıxmağa ən real namizədik. İndi "Dnepr" Bakıda "Qarabağ"ı məğlub etməlidir. "Sent-Etyen" və "İnter"dən də xal almaq lazımdır. Belə olan halda, qrupdan çıxa biləcəyik. Əslində, Ukrayna klubunun buna gücü çatır. "Qarabağ" üzərində qazanılan qələbə Avroliqada uğur qazanmağımız üçün stimul olacaq".
 

Fedorçuk qeyd edib ki, "Qarabağ" güclü komanda olsa da, "Dnepr"dən zəifdir: "Qarabağ" güclü komandadır, heyətində səviyyəli legionerlər oynayır, amma bizdən zəifdir. Məncə, "Dnepr" Bakıda rəqibini məğlub edəcək. Sadəcə, "Qarabağ" tarixində ilk dəfə qrupa düşüb və motivasiyaları çox yüksəkdir. Buna görə də yaxşı oyun göstərirlər".
 

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Milli.Az