Azərbaycanda 2 uşaq yanan evdən zorla qurtuldu
28 Oktyabr 2014 12:01
Salyanda soyuq günlərdə bir ailə iki azyaşlı uşağı ilə evsiz qalıb.
Milli.Az CTV-yə istinadən bildirir ki, ailənin 1-mərtəbəli 4-otaqlı evi kül olub.
Yanğın hadisəsi Salyan rayonunun Alçalı kəndində qeydə alınıb. Kənd sakini, 36 yaşlı Ramil Rəhimova məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Ev sahibləri əvvəlcə qonşuların köməyi ilə yanğını söndürməyə cəhd etsələr də, güclü külək əsdiyindən alovun qarşısını almaq mümkün olmayıb. Bu arada ev sahibinin 2 uşağı qonşular tərəfindən xilas edilib. Bundan sonra alovlanan maye qaz balonunun partlaması yanğının əhatə dairəsini daha da genişləndirib.
Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın gəlib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub. Buna baxmayaraq 4-otaqlı evin 3 otağı içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Milli.Az