Yemək istəyən ərinin başını yardı - FOTO

28 Oktyabr 2014 13:25

Hindistanın Qucarat ştatında yaşayan 40 yaşlı yanğınsöndürən Mahendra Mali Marathi hələ də özünə gələ bilmir. Onun üçün işdən evə gələrək şam yeməyi yemək baha başa gəlib.
 

Mahendra yemək zamanı doymayıb və arvadından daha bir çapati, yəni Hindistanın yerli lavaşını istəyib.

Mahendranın arvadı, 38 yaşlı Ujvala hirslənib və yerdən daş götürərək ərinin alnına vurub.
 

Milli.Az Ahmedabad Mirror-a istinadən bildirir ki, zərbə çox güclü olduğundan xəstəxanada Mahendranın alnına 5 tikiş qoyublar.
 

Polisdən verilən məlumatda deyilir: "Mahendra həmin axşam işdən ac və yorğun gəlmişdi. O, şam yeməyinə oturanda qabında yalnız iki balaca çapati vardı. Mahendra əlavə çapati istəyəndə arvadı "Dur, özün bişir!" çəmkirib.

Ər inad edəndə arvad çılğına dönüb və gül dibçəyindəki daşı götürərək ərinin başına çırpıb. Daha sonra Ujvala saatı və pəncərə şüşələrini sındırıb. Hirsi soyumayan Ujvala evin qapısını çırpıb çıxıb, əri ilə 14 və 10 yaşlı oğullarını evdə qoyub".
 

Evdə bağlı qapı arxasında qalmış Mahendra ilə oğullarının qışqırıqlarına qonşular gəliblər. Hadisə yerinə çağırılmış polis qapını sındıraraq evdəkiləri çıxarıb və Mahendranı xəstəxanaya aparıb.
 

"Arvadımı məhkəməyə vermişəm. O məni vurdu. Həmişə 4 böyük çapati yeyirəm, bu dəfəsə mənə 2 balaca çapati verdi. Mən də əlavə çapati istədim. Burada pis nə iş var ki?!" - Mahendra söyləyib.
 

Qardaşının evinə sığınmış Ujvalanın ailəsi isə əksinə, ərinin arvadını döymək istədiyini deyir.
 

"Qızımın günahı yoxdur. Həmin axşam evə gələndə Mahendra yatmış qızımı söyərək yuxudan oyadıb, onun saçından dartıb. Qızım özünü müdafiə edib", - Ujvalanın anası deyib.
 

Milli.Az

Xəbərin mənbəyi: WIFE BEATS UP MAN FOR ASKING MORE ROTIS

Böyütmək üçün şəkillərə klikləyin.