Bakıda huşunu itirib pul yığan "insanlıq" - VİDEO

29 Oktyabr 2014 01:30
İnsanlıq yardımla, şəfqətlə humanizmə dönür və bizlər də hər belə hadisəni görəndə artıq şablona, çeynənmiş ifadəyə çevrilmiş "insanlıq hələ ölməyib!" deyirik.
Çox ucuz, hətta bayağı bir söz birləşməsinə çevrilməkdədir bu "ölməyən insanlıq".

Bakıda ölməyən, amma bəzən öləziyən insanlıq mənzərələri olur.

Milli.Az bildirir ki, 18 saylı avtobus marşrutunda sərnişinlərdən biri, 18-20 yaşlı gənc qəflətən ürəyini tutaraq yıxılıb.

Avtobusa "vay" düşüb - oğlana yardım etməyə çalışan kim, "Sürücü, saxla avtobusu!" qışqıran kim, həkim axtaran kim.

Xülasə, oğlanı birtəhər ayıltdılar.

Yıxılan oğlan özünə gələn kimi nə desə yaxşıdır?

"Evə getməyə pulum yoxdur, mənə kömək etməzsiniz?!" Biz müsəlmanlar da təbii, ilkin emosionallığa qapılanlarıq. Yıxılıb-durana qəpik yox, manatlar "yağdı".

Bir qədər keçdi və qəflətən huşunu itirib elə o qəflətdə də özünə gələn oğlan pulları yığandan, sayandan və çinləyib cibinə qoyandan, 3 dayanacaq gedəndən sonra düşüb getdi işinin dalınca.

Bu avtobusda insanlıq öldü, yoxsa dirildi - siz düşünün...

Ceyhun Ələkbərov
Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.