Azərbaycanda 28 uşaq ailələrinə qaytarıldı
28 Oktyabr 2014 12:24
Bu ilin ötən dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki sosial xidmət müəssisələrinə 165 nəfər dövlət himayəsinə götürülüb. Hazırda həmin sosial xidmət müəssisələrində 1024 nəfər tam dövlət himayəsində yaşamaqla, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunur.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, bu ilin ötən dövründə hər iki internat evindən ümumilikdə 28 uşaq ailələrinə verilib.
Dövlət himayəsinə götürülmüş şəxslərdən 716 nəfəri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatında, Şamaxı 1 saylı, Göygöl 8 saylı, Buzovna 9 saylı ruhi-əsəb internat evlərində və Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində yerləşdiriliblər. Qalan 308 nəfər isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır ki, onlar müvafiq olaraq ƏƏSMN-nin xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün Şağan 3 saylı və Saray 7 saylı internat evlərində yaşayırlar.
Son illərdə Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində Şağqan 3 saylı və Saray 7 saylı internat evlərində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, bu müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılıb. Bununla yanaşı, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində uşaqların doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər aparılır.
Milli.Az