"Onunla görüş bizim üçün bir stimuldur və mən buna görə çox şadam"
Bir azərbaycanlı yeniyetmə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə görüşəcək.
Milli.Az-ın ANS TV-yə istinadən məlumatına görə, 15 yaşlı Məhəmməd Abdulla artıq 10 ildən çoxdur ki, Birləşmiş Ştatların Florida ştatında yaşayır və hazırda 9-cu sinifdə oxuyur. Bu gün Məhəmməd öz ağlı və savadı ilə Birləşmiş Ştatlarda seçilmiş 30 məktəblidən biridir. Məhz bu fərqliliyinə gərə də Məhəmməd Birləşmiş Ştatlar prezidenti Bakar Obama ilə görüşmək imkanı əldə edib. Ona bu görüşü əldə etməyə şərait yaradan isə "Broadcom Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən biri olmasıdır. Məktəblilər Ağ Evdə Barak Obama ilə görüşdə də öz işləri barədə təqdimat edəcəklər. Məhəmməd isə Obama ilə görüşməyin həyəcanını yaşayır. Məhəmməd uşaqlıqdan Birləşmiş Ştatlarda yaşayır, azərbaycanca başa düşsə də danışmaqda çətinlik çəkdiyindən onunla söhbətimizi ingilis dilində aparırıq.
"Mən həqiqətən də çox həyəcanlıyam. Obama əhəmiyyətli bir şəxsdir. Onunla görüş bizim üçün bir stimuldur və mən buna görə çox şadam. Düşünürəm ki, Obama ilə görüş bizim gələcək fəaliyyətimizə də təsir edəcək. Obama ilə görüş bizim üçün böyük bir şansdır. Və biz ona həm də öz layihələrimizi göstərəcəyik", - deyə Məhəmməd Abdulla bildirdi.
Qalib şagirdlər öz layihələrini Vaşinqtonda nümayiş etdirmək şansı da əldə ediblər. Məhəmmədin işi riyaziyyatın tibbdə istifadəsi ilə bağlıdır. Azərbaycan dilində hələ danışa bilməsə də, ölkəmizlə bağlı planları da var:
"Mən gələcəkdə həkim-kardioloq olmağı düşünürəm və bu sahədə biliyimi daha da artıracam. Gələcəkdə isə bəlkə Azərbaycana qayıdıb bildiklərimi orada da tətbiq etdim".
"Broadcom Masters" Amerikada orta məktəb şagirdləri üçün ən nüfuzlu elm müsabiqəsi hesab olunur. Orta məktəb şagirdlərinin elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində təqdim etdikləri "Novator" tədqiqat işləri ən nüfuzlu alimlər tərəfindən qiymətləndirilir. Məhəmmədin də işi ABŞ-da 2 mindən artıq şagird arasından seçilib.
Qeyd edək ki, bu məktəbli məşhur dissident, Azərbaycanın azadlığı uğrunda mübarizəyə görə ömrünün dörddə birini Sibirdə sürgündə keçirən şair Gülhüseyn Hüseynoğlunun nəvəsidir.