Xoşqədəm Hidayətqızı: "Qeyri-rəsmi nikahın əleyhinə olmuşam"

28 Oktyabr 2014 09:15
Bir neçə gündür Türkiyənin xəbər portalları və yerli media Xoşqədəm HidayətqızıDoğuşun ailə qurduqları barədə müxtəlif xəbərlər dərc edir. Bəziləri bu xəbərin gerçək, bəziləri isə piar olduğunu deyirdilər. Hətta toy görüntülərinin Doğuşun çəkmiş olduğu filmdən fraqmentlər olduğu deyənlər də var.

Doğuş özü isə bir neçə gün öncə İnstagram səhifəsində Xoşqədəmlə olan fotosunu paylaşıb altına bu sözləri yazmışdı: "Aşkopat" filmi, tezliklə efirlərdə. Bu görüntü də o filmdən çəkilib".

Ancaq Doğuşun İnstagram səhifəsində bu xəbəri verməsi yenə də bu barədəki söhbətləri səngitmədi. Və nəhayət, mətbuatın gündəmindən düşməyən Xoşqədəm və Doğuş cütlüyünün evlənməsi xəbəri oktyabrın 27-də öz təsdiqini tapdı. Belə ki, bu barədə "Səni axtarıram" verilişinin son buraxılışında aparıcı və müğənni özləri açıqlama veriblər. Efirdə çıxış edən cütlük Doğuşun anası ilə birgə açıqlamalar verərək evliliyin bütün qanunlara və adət-ənənələrə uyğun baş tutduğunu deyiblər. Bu gizliliyin səbəbini isə hər ikisinin öz ölkəsində tanınmış adam olması ilə izah ediblər:

"Doğuş öz ölkəsində tanınan bir müğənnidir. Mən də öz ölkəmdə tanınan bir insanam. Hər zaman proqramımda qeyri-rəsmi nikahın əleyhinə olmuşam. Mən rəsmi, adət-ənənələrə uyğun ailə həyatı qurmuşam. Azərbaycanı heç bir ölkəyə dəyişmərəm, ölkəmi tərk etməyəcəm, Doğuşla verilişi daha da inkişaf etdirəcəyik".

Doğuş və anası bu izdivacın baş tutmasından məmnunluq hissi bildiriblər. Tanınmış müğənninin anası Xoşqədəm xanımı uzun zamandır izlədiyini, ondan xoşlandığını dilə gətirib.

Qeyd edək ki, türkiyəli müğənni Doğuş dəfələrlə "Səni axtarıram" verilişində iştirak edib. Proqramda həyat hekayəsindən və yaşadığı çətinliklərdən də danışmışdı.

Xatırladaq ki, tanınan teleaparıcı X. Hidayətqızı artıq bir dəfə ailəli olub və onun 20 yaşında Zaur adlı bir oğlu var.

Milli.Az