"Xəzər dənizi üzərində tezdən günəş qalxarkən şəhər daha gözəl görünür..."
27 Oktyabr 2014 22:50
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Purij.de səyahət portalında Bakı haqda məqalə yer alıb. Bakıya səyahət edən jurnalist şəhərdə gördüklərini belə təsvir edir: "Mən "Flame Towers"in 11-ci mərtəbəsindən şəhərə baxıram. Xəzər dənizinədək uzanan Bakı buxtası diqqəti xüsusilə cəlb edir. Bakı işıqlı, küləkli və sürətli tikinti işləri gedən şəhərdir.
Axşamlar işıqlandırılan "Flame Towers" şəhərə xüsusi gözəllik verir. Digər yaraşıqlı tikililərdən biri Heydər Əliyev Mərkəzidir. Ağ rəngdə və dalğavari formada olan bu mərkəzdə müxtəlif sərgilər keçirilir. Bina öz forması ilə sonsuzluğu, ağ rəng isə parlaq gələcəyi ifadə edir. Bakını daha parlaq gələcəyi olacağı isə şübhəsizdir. Şəhərə gözəllik verən yeni atributlardan biri də 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Oyunları üçün tikilən olimpiya stadionu və yaxınlıqdakı olimpiya kəndidir".
Şəhərin işıqlandırılması jurnalistin diqqətini xüsusilə cəlb edib. O bundan söz açaraq yazır: "İndiyədək olduğum şəhərlər içərisində Bakı ən işıqlı şəhərdir. Bulvar yaxınlığında müxtəlif məşhur brendlərin - Gucci, Armani, Tom Ford, Ferrari və digərlərinin mağazaları var.
Gələcəklə bərabər, keçmişin də qayğısına qalmaq vacibdir. Bakının mərkəzində yerləşən İçəri Şəhər 2000-ci ildən UNESCO-nun mədəni irsi siyahısına daxildir. Burada müxtəlif tarixi binalar, saraylar və məscidlər var. Böyük maraqla Cümə məscidinə baxıram və ona baş çəkmək dəvəti alıram. Cümə məscidinin qarşısında xalçalar salınıb, çoxlu suvenir mağazaları var. Qədim Karvansarayda milli Azərbaycan muğamı dinləmək olar.
Günəşin batmasını və şəhərin işıqlandırılmasını görmək üçün bulvara tərəf gedirəm. "Flame Towers"in qırmızı işıqları Avroviziya musiqi yarışmasının keçirildiyi "Baku Crystal Hall"ı işıqlandırır. Xəzər dənizi üzərində tezdən günəş qalxarkən şəhər daha gözəl görünür.
Milli.Az