"Məmurlara bahalı hədiyyələr almağımı tapşırmışdı"

27 Oktyabr 2014 19:27

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Vəkil İradə Cavadova "qafqazinfo"ya açıqlamasında bildirib ki, zərəçəkən şəxs Ramazan Səlimovun 334 min maddi və 100 minlik mənəvi zərərlə bağlı qaldırdığı mülki iddia məhkəmə tərəfindən tanınıb. Eyni zamanda, təqsirləndirilən tərəf borcun ödənildiyini iddia etsə də, zərərçəkən tərəf borcun ödənilməməsinə dair məhkəməyə əlavə sübut təqdim edib.

Sabiq hakim Həsən Əliyevin vəkili müdafiə etdiyi şəxsə qarşı irəli sürülən 312.2-ci (rüşvət vermə) maddəsinə xitam verilməsinə dair vəsatət qaldırsa da, daha sonra vəsatəti geri götürüb.

Bundan başqa, bütün təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, özlərini təqsirli hesab etməyiblər.

Prosesdə zərəçəkən şəxs Ramazan Səlimov sərbəst ifadə edib. O, ifadəsində bildirib ki, digər təqsirləndirilən Elman Məmmədovla hələ 1995-ci ildən tanışdır. O zaman E.Məmmədov Binəqədi İcra Hakimiyyətində çalışırdı. Uzun illər görüşməyiblər və 2010-cu ildə Səbail İcra Hakimiyyətinin yanında R.Səlimov uşağını məktəbdən gətirərkən E.Məmmədovla görüşdüyünü deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, E.Məmmədov onu işə düzəltmək adı ilə Rabitə Nazirliyinin Aparat Rəhbəri ilə görüşdürüb. Bundan sonra Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Onun vasitəsilə R.Səlimov Qobustanın icra başçısı Adil Məmmədovla görüşdüyünü və görüş zamanı ona qızıl saat hədiyyə etdiyini, o cümlədən Siyəzənin icra başçısı Arif Qasımovla görüşdə ona bahalı hədiyyə aldığını qeyd edib.

Zərəçəkənin sözlərinə görə, H.Əliyevin göstərişi ilə vəzifəli şəxslərlə görüşdə onlara bahalı hədiyyələr alırdı. İstintaq materiallarında hədiyyələrin toplam məbləği 34 min manat göstərilsə də, zərəçəkən onun dəyərinin daha yüksək olduğunu bildirib. R.Səlimov işlə bağlı danışıqlar prosesi boyu akademik Nizami Süleymanov, Torpaq və Xəritəçəkmə Komitəsinin yüksək vəzifəli şəxsləri ilə də görüşdüyünü əlavə edib.

Zərəçəkənin vəkili İ.Cavadova bildirib ki, R.Səlimov bir çox yüksək rütbəli məmurların adlarını çəkmədiyini, lakin yeri gələrsə, faktlarla onların adlarını açıqlayacağını bildirib.

Proses noyabrın 3-nə təxirə salınıb.

Xatırladaq ki, sabiq hakim Həsən Əliyev iş adamı Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur.

Milli.Az