Səhnəmizin gözəlini insanlardan küsdürən nədir? - FOTOSESSİYA
3 Noyabr 2014 01:00
Tənhalığa çəkilən xalq artisti Milli.Az-a açıqlamalar verdi.
Azərbaycan kinosunun və teatr səhnəsinin incilərindən biri olan Səfurə İbrahimova artıq illərdir ki, qapalı həyat tərzi keçirir.
Səfurə İbrahimova 2005-ci ildə səhhətində problem yarandığına görə işlədiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk edib. Artıq xeyli müddətdir ki, xalq artisti ilə nə həmkarları, nə də ən yaxın qohumları əlaqə yarada bilirlər. Aktrisa sənətdən uzaqlaşdığı kimi insanlardan da uzaqlaşıb. Mətbuat nümayəndələri onun haqqında məlumat əldə etmək istəsələr də, hər dəfə onların cəhdləri cavabsız qalıb. Milli.Az-ın əməkdaşının telefon zənginə cavab verən aktrisa onu sənətdən küsdürən səbəblər haqda danışıb:
"Mən 45 il səhnədə can qoymuşam, sənətdə olmuşam. Bu illər ərzində tamaşaçılar tərəfindən sevilərək xatırlanmışam. Elə bu gün də tamaşaçıların məni çox sevdiklərini bilirəm. Yenidən sənətə qayıtmaq istəmirəm. Məncə, buna lüzum yoxdur. Tək qalmaq istədim və hal-hazırda da tək qalıram. Sənət dostlarım zəng edir, hal-əhval tuturlar. Amma evimə gəlməyə onlara icazə vermirəm. Yaşayışım da şükür, yaxşıdır. Heç nədən şikayətim yoxdur, sadəcə bir azca soyuq olub. Mənə bəzən "Tək yaşayırsınız, darıxmırsınız?" sualı ilə jurnalistlər müraciət etsələr də mən ümumiyyətlə nəinki bu suala, onların heç bir sualına cavab vermirəm. Çünki bu sual etik qaydadan uzaq bir sualdır. Mən görüşməyi sizə söz vermirəm, çünki dəfələrlə mənimlə görüşə cəhd edənlər olsa da nəticəsiz qalıb. Problemlərim var bir az, amma demək istəmirəm. Çünki öz problemlərimi özüm həll edə bilərəm. Xahiş edirəm, mənə daha zəng etməyin, təklik faciə də olsa, mənə yaraşır".
Qeyd edək ki, Səfurə İbrahimova Hüseyn Cavidin "İblis" faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə dövlət mükafatına, 1974-cü ildə əməkdar artist, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. S. İbrahimovanın səhhətində problemlər yarandığından o, 2005-ci ildə teatrdan uzaqlaşıb. 2014-cü il dekabrın 27-də aktrisanın 77 yaşı tamam olacaq.
Əli Rəhimoğlu
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.