Xilas onlardadır

28 Oktyabr 2014 00:30
Diqqət çatışmazlığı və digər psixoloji pozuntulardan əziyyət çəkən insanlar it və ya pişik saxlasalar, faydalı olar. Milli.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, alimlərin tədqiqatları ortaya çıxarıb ki, heyvanlarla ünsiyyət onların sahiblərinin psixikasının makroklimatına müsbət təsir göstərir.

Bir çox mütəxəssislər əmindirlər ki, ev heyvanları ilə münasibət insan sağlamlığı üçün faydalıdır. Corciya Universitetinin alimlərinin araşdırmaları göstərib ki, ev heyvanları ilə ünsiyyət insanlar üçün mükəmməl psixoloji terapiyadır.

Tədqiqatçıların tapşırığına əsasən, universitetin 55 nəfər yuxarı kurs tələbəsi bir semestr ərzində ev heyvanlarının da istifadə olunduğu xüsusi məşğələlərə qatılıblar. Həmin tələbələr xüsusi ekspert qrupu tərəfindən seçilib və hər birində müəyyən psixoloji pozuntu ilə bağlı diaqnoz qoyulub. Onlar həyəcan və tənhalıq duyğusundan əziyyət çəkiblər.

Alimlər müəyyən ediblər ki, sistemli şəkildə məşğələlərə qatılan şəxslərdə narahatlıq hissləri 60% azalıb və daha diqqətli olublar.

Tədqiqatın nəticələrində deyilir ki, ev heyvanı diqqət tələb edir. Bu səbəbdən də onlarla əlaqə məsuliyyət və vaciblik hissini inkişaf etdirir. Bu cür psixoterapiya insanın psixoloji mikroiqliminə müsbət təsir göstərir.


Milli.Az