Ölümündən 1 il sonra təltif edilən şəhid

27 Oktyabr 2014 17:25
2013-cü il oktyabrın 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir Aydın Abdullayevin il mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 26-da keçirilən mərasimdə nazirlik, rayon icra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak ediblər. Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İslam Gəncəliyev qeyd edib ki, Vətəni Vətənin adına layiq səviyyədə sevmək hər kəsə nəsib olmur. Gizir A.Abdullayev belə bir sevgi ilə yaşadı, belə bir sevgi ilə xidmət etdi və belə bir sevgi ilə şəhid oldu.

O, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə gizir A.Abdullayevin ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atası Əmiraslan Abdullayevə təqdim edərək, bütün şəhidlərimizin, o cümlədən Aydının da qisasının alınacağını və torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduğunu bildirib.

Şəhid atası Ə.Abdullayev nə qədər ağır olsa da, oğlunun şəhid olmasından qürur hissi keçirdiyini, bu diqqətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Milli.Az