Bakıda bacısının sevgilisini öldürən oğlanın cəzası məlum oldu
27 Oktyabr 2014 16:49
Qəsdən adam öldürən gəncə nisbətən yüngül cəza verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Hacıbaba Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə müttəhim H.Hacıyevə höküm oxunub. Məhkəmə kollegiyasının qərarı ilə 25 yaşlı oğlana 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Prokuror H.Hacıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, H.Hacıyev bu il 24 fevral tarixində 18 saylı Peşə məktəbində təhsil alan bacısı Reyhan Hacıyevanı evə aparmaq üçün "Azadlıq" metrostansiyasının qarşısına gələrkən onun tanımadığı, sonradan adını bildiyi Pərviz Abdullayevlə əl-ələ tutduğunu görüb. Pərvizdən bacısını haradan tanıdığını soruşduqda, o, Reyhanla bir qrupda oxuduğunu, evlənmək istədiyini və fikrinin ciddi olduğunu açıqlayıb. Amma Hacıbaba Hacıyev Pərvizin dediklərinə inanmayıb. Çünki bacısının ərindən boşanması və yaşca Pərvizdən böyük olması, bu münasibətin qeyri-səmimi olması ilə bağlı onda şübhə yaradıb. Odur ki, Hacıbaba Hacıyev Pərvizin telefon nömrəsini alaraq iki saatdan sonra ailə üzvlərindən biri ilə görüşə gəlməsini tələb edib.
Təxminən saat 17:00 radələrində Pərvizə zəng vurub harada görüşə biləcəkləri ilə maraqlandıqda Pərviz ona böyüklərindən heç kimlə gələ bilməyəcəyini deyib. Bir daha bacısına qarşı ciddi niyyətdə olmadığını yəqin edən Hacıbaba Hacıyev onu öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evdən bıçaq götürərək Nəsimi rayonu, Cavadxan küçəsi, 38 saylı binanın qarşısına gəlib. Pərvizin görüşə valideynsiz gəldiyini görərək, bıçaqla ona zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.