Flavinyo "Neftçi"nin problemini açıqladı

27 Oktyabr 2014 15:52

Milli.Az xəbər verir ki, Topaz Premyer Liqasının IX turunda "İnter"lə qolsuz heç-heçədən sonra "Neftçi" klubunun braziliyalı futbolçusu Flavinyo apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
  

- Paytaxt derbisində bu dəfə qapılara qol vurulmadı. Oyunla bağlı fikrinizi bilmək istərdik...

- Havanın soyuq və yağmurlu olmasına baxmayaraq, maraqlı oyun alındı. Rəqibimiz də çempionatın güclü komandalarındandı. Özüm yox, ancaq komandamız yaxşı oynadı. Yeganə çatışmayan qol oldu. Bunun üçün şanslarımız var idi, onlardan yararlanmaq lazım idi. Rəqib bu dəfə fərdi oyuna üstünlük verdi. Daha doğrusu, fərdi oynayırdılar. Bu da istədiyimizi reallaşdırmağa imkan vermədi.
  

- Qələbə qazana biməməyinizin yeganə səbəbi budu?

- Əlbəttə, yox. Etiraf edim ki, cari mövsümdə qol vurmaq baxımından problemimiz var. Əvvəlki mövsümlərdə daha çox qol vururduq. Cari çempionatda isə vəziyyət fərqlidi. Çünki yeni sistemlə çıxış edirik. Buna öyrəşməyimiz üçün zamana ehtiyacımız var.
  

- Bayaq "komanda yaxşı oynadı, amma mən yox" dediniz. Öz oyununuzdan narazı qaldınız?

- Müalicə olunduğum üçün bir müddət komandadan ayrı qaldım. Son 1 ildə belimdə ağrılar var idi. Artıq bu problem yoluna qoyulsa da, fiziki cəhətdən bir qədər geri qalıram. İntensiv məşqlər sayəsində bu boşluğu da aradan qaldıracam.
  

- Çempion olmaq istəyən "Neftçi" iddialı rəqiblərindən yalnız "Xəzər Lənkəran"ı məğlub edib. Bu komandanız üçün nə dərəcədə uğurlu göstəricidi?

- Başa düşürəm ki, qızıl medal qazanmaq istəyən komanda üçün bu, çox pis göstəricidi. "İnter"lə oyunda qələbəni çox istəyirdik. Qələbə qazansaydıq, lider ola bilərdik. Ancaq zirvəyə "Qarabağ" yüksəldi. Hələ qış fasiləsinə çox var. 2-3 oyunda ardıcıl qələbə qazansaq, hər şey qaydasına düşəcək. Çalışacağıq ki, qış fasiləsinə lider kimi yollanaq.
  

- Sabit nəticələr qazana bilməməyinizin baş məşqçi dəyişikliyi ilə əlaqəsi varmı?

- Əvvəlki çalışdırıcının vaxtında da pis oynadığımız oyunlar oldu. Baş məşqçi dəyişikliyinin mənfi təsir etdiyini deyə bilmərəm. Çünki məşqlərimiz yüksək səviyyədə davam edir. Vacib olan fərdi şəkildə daha çox çalışmaqdı.
  

- Böyükağa Hacıyevin vaxtında hücum futbolu oynadığınızı, hazırda isə müdafiəyə həddindən artıq diqqət yetirdiyinizi düşünənlərin sayı çoxdu...

- Uğursuzluğa görə Arif Əsədovu günahlandırmaq olmaz. Onun rəhbərliyi altında oynamaq daha yaxşıdı. Məşqçilər lazım olan tapşırığı verirlər. Sadəcə, bunu meydanda reallaşdırmaq lazımdı. Bu da futbolçuların üzərinə düşür.

Milli.Az