Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə Qəbələyə ilk qar yağdı. Bəzi kəndlər və eləcə də yüksəkliklərə düşən qar artıq bu yerlərə qışın vaxtından tez gəldiyini göstərdi. Məlumata görə, dağlarda qarın hündürlüyü 2-3 sm təşkil edir. Qışın vaxtından əvvəl gəlməsinə sakinlər hazır olmasa da, bu təbiət hadisəsi rayona gələn turistlərdə xoş ovqat yaradıb.
Qara şahid olan təkcə qəbələlilər deyil. Şamaxıya da qar yağıb. Dünən axşam saatlarından başlayan sulu qar, qara çevrilib. Rayonun dağlıq ərazilərinə və Pirbəhli, Dəmirçi və Zarat kimi ucqar kəndlərə düşən qar sakinlər üçün gözlənilməz olub.
Ən çox qar isə Qızmeydan kəndinə yağıb. Sözügedən ərazilərdə payızlıq əkin artıq yekunlaşıb. Mütəxəssislər yeni əkilmiş sahələrə qarın düşməsini yaxşı hal hesab edirlər. Qar səbəbindən yollarda hər hansı bir problem yaşanmayıb. Hazırda Bakı-Şamaxı yolu işlək vəziyyətdədir.
Milli.Az