Bakının sadə adamları: Rokfeller olmaq istəyən çəkməçi, həkimdən giley və daha nələr... - FOTO

29 Oktyabr 2014 03:30

Belə bir deyim var ki, şəhər bizim simamızdır. Lakin Bakı şərqin ən urbanistik, mədəniyyət və ənənlərin qarışaraq birləşdiyi məkanlarından biri olduğu üçün burada insanların siması şəhərin üzünü müəyyənləşdirir

Simalar da yaşanan günlər tək fərqli, maraqlı və ya tam əksinə, köntöy rəssamın həvəssiz eskizi kimi donuq olur.

Milli.Az-ın yeni başladığı layihədə məqsəd simalar və fərdlər mozaikası olan Bakının adi günlərini yeknəsəklikdən çıxaran simaları axtarmaq, ən adi təsir bağışlayan insanların təkrarsız olduqlarını göstərməkdir.

Biz Bakının adamlarından doğma şəhər barədə iki fikri öyrənməyə çalışdıq: Bakının ən çox sevdikləri və bəyənmədikləri tərəfləri.

Bu layihəni hazırlayarkən Bakının insanlarının maraqlı cəhətlərinə rast gəldik. Müraciət etdiyimiz yalnız yaşlı insanlar cəsarətlə layihənin siması olmağa razı oldular. Bakının gənc oğlanlar və qızlarının cəsarətsizlik sindromundan əziyyət çəkdiklərini gördük. Buna baxmayaraq, layihəmiz hələ də davam edir. Bakının ən sadə və qeyri-adi insanları haqqında əhvalatlar davam edəcək.



 
Əməliyyata 4 min manat aldılar

İqor Koşerev
in79 yaşı var. Hazırda dayancaq gözətçisi işləyən İqor kişi təqaüddə olan aviasiya mühəndisidir. Təqaüdə çıxana qədər aviasiya sahəsində çalışıb:

"Bakının memarlığını sevirəm. Adamın ruhunu oxşayır. İqlimimiz də yaxşıdır. Elə də soyuq deyil. Sağlamlığımız üçün faydalıdır.

Bakının xoşuma gəlməyən cəhətləri səhiyyə ilə bağlıdır. Həkimlər çoxlu pul alırlar, ancaq yaxşı müalicə eləmirlər. Bir neçə il əvvəl ürəyimdən şuntlama əməliyyatı keçirdim. 4 min manat aldılar. Ancaq nəticə elə də yaxşı olmadı.

Hazırkı işimi elə də sevmirəm, ancaq yaşamaq olar".


Əvvəllər belə deyildi
 

Azadəliyeva Məhəbbət xanımın 46 yaşı var. Uşaq baxıcısı işində çalışır:

"Bakının xoşuma gələn cəhəti bütün doğmalarımın burada olmasıdır. Şəhərimizin gündən-günə gözəlləşdirməyi də məni sevindirir. Başqa ölkələrin şəhərləri ilə müqayisədə burada əmin-amanlıqıdır.

Ancaq indiki cavanlar məni məyus edir. Avtobuslarda yaşlılara yer vermirlər. Yanımızda ağızlarına gələni danışırlar. Əvvəl belə şeylər yox idi".



 
Burada böyüyə-kiçiyə hörmət qalıb

 

Rauf Babayev fotoqrafdır. 54 yaşlı Bakı sakini deyir ki, qonşularımız və digər MDB ölkələrinin şəhərləri ilə müqayisədə Bakı çox yaxşıdır.

"Digər MDB ölkələri ilə müqayisədə fərq çoxdur. Burada böyüyə-kiçiyə hörmət qalıb. Amma insanların simaları indi qəmlidir. Əvvəllər Bulvardakı insanlara baxanda hamının üzündə təbəssüm var idi. İndi elə bil hamı qəmlidir. Müsbət aura azdır".



 

Benzin üfunəti

Kənan Bədəlovun 29 yaşı var, ancaq işsizdir.

"Bakıdakı abadlıq məni sevindirir. Parklar gözəlləşir. Ancaq şəhərdəki neft qoxusu hələ də qalıb. Dənizdən gələn benzin iyi məni məyus edir".



 
Rokfeller olmaq arzusu

 

Qasımov Fuadın 51 yaşı var. O, hamının "Torqovı" kimi tanıdığı küçədə ayaqqabı təmizləməklə özünə çörək pulu qazanır. İşindən də razıdır. Deyir ki, məşhur amerikalı milyarder Rokfeller də vaxtı ilə küçədə ayaqqabı təmizləməklə məşğul olub.

"Bakının axır illər gözəlləşməsi məni sevindirir. Ancaq işlə bağlı hərdən problemlər olur".

Teymur Hacıyev

Milli.Az