Aydın Mirzəzadə: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin adından saxta bəyanatın yayılması rəzalətdir"

27 Oktyabr 2014 14:22
"Ermənilərin Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin adından saxta bəyanat yaymaları rəzalətdir, tək Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə qarşı çox böyük bir yaramazlıqdır".

Bunu Trend-ə millət vəkili Aydın Mirzəzadə bəzi erməni KİV-də məhkəmədə guya Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz günahlarını qismən etiraf etmələri barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

A.Mirzəzadənin fikrincə, belə görünür ki, erməni millətçilərinin saxtakarlığının sərhədi yoxdur: "Yəni onlar ən müqəddəs amalları ayaq altına atıb tapdalamağa hazırdırlar. 3 nəfər azərbaycanlı işğal altında olan dədə-baba torpaqlarına gedərək valideynlərinin qəbrini ziyarət edib və onlar öz torpaqlarında işğalçı qoşunlar tərəfindən girov götürülüblər. İndi onların üzərlərində qeyri-qanuni məhkəmə qurulub, onlara işgəncələrin tətbiq edilməsinə dair çoxsaylı faktlar var. İndi isə ermənilər girovların adından saxta bəyanatlar yaymağa çalışırlar".

Millət vəkili vurğulayıb ki, əsir götürülmüş insanların adından belə bəyanat verməyin, onları öz torpaqlarından üz döndərməyə məcbur etməyin heç bir mənası yoxdur: "Belə hallar Azərbaycan xalqı tərəfindən pislənilir və şübhəsiz ki, beynəlxalq ictimaiyyət də ermənilərin bu rəzil hərəkətləri barəsində məlumatlandırılacaq. Ölümü gözünün altına alıb dədə-baba torpağına gedən insanlar heç bir zaman öz mövqelərini ermənilərin istəyinə uyğun dəyişməzlər. Hesab edirəm ki, onlara qarşı qurulan bu saxta məhkəmə, vaxt gələcək, bu işi təşkil edənlərin üzərində qalacaq".

Qeyd edək ki, Ermənistan hərbçiləri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb və onlara qarşı cinayət işi açılıb.

Milli.Az