Ukraynalı gözəllər, bahalı dollar, "Qarabağ"ın qələbəsi - FOTO

28 Oktyabr 2014 03:00
İndi orda,

 

Soyuq Kiyevdə,

 

Gənc qadın çənəsini

 

Soyuq pəncərəyə dirəyib

 

Mavi gözləri ilə

 

Şəhərə baxır.

 

Ürəyinin altında

 

İkinci ürək döyünür,

 

Saçları qapqara,

 

Oğlan uşağı

 

İsti ölkədəki

 

Atasını gözləyir. 

Hər şəhərin öz qoxusu, hətta cinsiyyəti var. İstanbul əvvəllər mənim üçün mavi gözlü, parfüm qoxulu kişi idisə, indi mənə Taksimdəki homoseksuallarla, Fatihdəki təsbehlilərin birləşmiş forması olan hermofroditi xatırladır. Bir vaxtlar yerli yazarların Məkkəsinə çevrilmiş yasəmən qoxulu Tbilisi indi doxsanların "28 May" metrosu, gecə saat 12-dən sonrakı halıdır. Şəhərləri tarix, insanlar göylərə qaldırır, inkişaf etdirir. Hadisələr isə yazıqlaşdırır. Tbilisi hazırda, bəlkə də, ömrünün ən yazıq günlərini yaşayır. Mixeil Saakaşviliyə bir zamanlar lənət yağdıran gürcülər, indi Saakşvilinin ardınca xəyanətkar kişinin onu tərk etmiş qadının arxasınca ağladığı kimi kədərlidirlər.

Bir də hər şəhərin binaları qadınlarına bənzəyir. Tutaq ki, Bakının binaları görüntü xatirinə aqlaya bürünsə də, iç tərəfdən köhnədir, qaranlıqdır, qapqaradır. Sözüm odur ki, silikon, gel, botoks üfunət qoxan daxili aləmə təsir etmək gücünə malik deyil.

Bu dəfə tanışlığım Kiyevin bina - divar-qadınları ilə idi. Uzun, təmiz görünüşlü, səliqəli binaları ilə. Kiyev ümumilikdə əlində ekler pirojnası ilə dolu məcməyi saxlamış, yaşının ən dözülməz və gözəgəlimli vaxtında olan 35 yaşlı ukrayn qadındır. Ona göz dikən çoxdur. Kimi əlindəki məcməyiyə, kimi pirojnaya, kimi də qadının özünə iddialıdır.

Kiyevlə tanışlığıma səbəb "Qarabağ"ın oyunu idi. O Qarabağın ki, Ukraynada onun adı Krımdır. Onların da öz Qarabağı, öz dərdi var. Bəlkə də, Qarabağ məsələsində bizi anlamağa ən yaxın olan xalq elə ukraynlardır. Oyunun nəticəsindən aslı olmayaraq, on beş jurnalist dost üzü Kiyevə yola düşmüşdük. "Qarabağ"ın rəqibi bu dəfə təkcə Ukraynanın yox, keçmiş Sovet İttifaqının güclü klublarından hesab edilən "Dnepr"idi.

Cənnətdə payız

Bakıda dekorativ ağacların əlindən payızın xəzəlinə, sarı yarpağa həsrət qaldığımız vaxtda Kiyevin mərmərsiz, sapsarı parkları bizim üçün cənnət effekti verirdi. Tüstüləyən Bakının ət, dönər qoxusundan ayrılmaq bizə kültür şoku yaşatsa da, bir-iki günə təmiz şəhərə alışmalı olduq. İnanmaq çətin idi ki, Ukraynada müharibə gedir, cəmi bir neçə ay əvvəl Kiyevin mərkəzində qan su yerinə axırdı.

Gözümüzün alışmadığı gözəllik

Ukrayna, demək olar ki, hər millətdən olan kişinin, həmçinin bizim kişilərin pir, ocaq yeri olan Ukrayna qadınlarının gözəlliyi haqda yazmamaq qadın vicdansızlığı olardı. Gözü qaşının qalınlığı 4 sm-dən az olmayan el qızlarımıza alışmış bizim kişilər üçün Ukrayna qızları alışmadıqları gözəllikdədir.

Fahişə yoxsa, komplekssiz?

"Muzdur qadın"

Statistikaya görə, dünyadakı seks biznesinin yükünü nə az, nə çox 3%-ni Ukrayna gözəlləri öz zərif çiyinləri üstdə daşıyır. Seks biznesi qədim peşə və müxtəlif iqtisadi-sosial səbəblərdən meydana gəldiyi üçün bu amili əxlaqa - filana bağlamadan keçirik başqa məsələyə. Qeyri-ukraynalı kişilər Ukrayna qadınını potensial seks partnyor qismində görür. Kənardan asan əldə edilən qadın təsiri bağışlayan bu gözəllik ilahələri, əslində, əxlaqsızdan çox, saf və yelbeyindirlər. Təhsil, ailə səviyyəsindən aslı olmayaraq, ukrayn qadını yoldan çıxartmaq üçün milyonlar lazım deyil. İki kompliment, bir şüşə konyak, üç qızılgüllə məsələni həll etmək varkən, ilk öpüşdən əvvəl nikah kağızı tələb edən türk qızı ilə çənə-boğaz olmaq nəyə gərəkdir axı?!

Seçkiqabağı vəziyyət

"Maydan" hazırda hadisələr zamanı dünyasını dəyişənlərin xatirə lövhələri və inqilaba dəstək verən qurumların xeyriyyə toplayan maşınları ilə doludur. İndi Kiyevdə qan tökülməsə də, "Maydan" həndəvərindəki kədərin təsviri mümkün deyil. Həlak olanların fotoları, şamlar, fotolara sığal çəkən qadınlar...

Qiymət şoku...

Yenilik, iqtisadi və siyasi həyatın yaxşılaşacağına ümid edən ukraynlar bir il əvvəl ölümü də gözə aldılar. Avropanın döyünən ürəyi prezident Yanukoviçin naməlum kələkiyə qaçışından sonra daha da ümidləndi. Korrupsiya, infilyasiya, maaş və təqaüdlərin azlığından şikayət edən əhalinin kin alovu səngisə də, azad olmaq, vətəndaş kimi müstəqil qərar vermək, avropalı kimi yaşamaq istəyi azalmadı. İnqilab Ukrayna üçün başa çatmayıb. Siyasi proseslər, müstəqillik, beynəlxalq iqtisadi vəziyyətin durumuna baxsaq, Ukrayna hazırda 24 il əvvəlki Azərbaycanı xatırladır. Daxili istehsal, vətəndaşların işə meylliyi sayəsində Ukrayna ayaq üstə dayanmaq üçün dirənir. Sadaladığım vəziyyət yalnız Donbasa deyil, bütün Ukraynaya aiddir. İlin ilk rübündə dollarla müqayisədə 10-15 % ucuzlaşan qrivin 1 dollara enib. Milli valyutanın sürətlə ucuzlaşması Yanukoviç dövründə başlasa da, vəziyyətdə irəliləyişin olmaması ukraynlara rahatlıq vermir. Yaxın Şərqdəki müharibə, Milli Hökumətin formalaşması bəhanələri artırdı. Hazırda dolları rahatlıqla yalnız qara bazarda əldə etmək mümkündür. Ukrayna Milli Bankının qərarına görə isə milli qrivini dollara dəyişmək üçün adambaşına 200 dollar həcmində limit qoyulub. Bu da qrivinin dövriyyədən çıxmaması və məzənnədən daha çox düşməməsinə hesablanıb. Bunu sübut etmək üçün Ukrayna Milli Bankının sədri Valerya Qantaryova əhaliyə faktı sübut etmək üçün şəxsən sınaq "alış-verişi"nə çıxıb. O, jurnalistləri "vəziyyətlə" tanış etmək üçün yaxınlıqdakı bank şöbəsinə girir. Jurnalistlərin müşaiəti ilə banka girən sədr "Sberbank"dan əliboş çıxır.

Kiyevdəki ucuzluq məzənnənin sürətlə aşağı düşməsi və vətəndaşların alıcılıq qabiliyyətinin azalması ilə əlaqəli olsa da, ucuzluq qonaqları məmnun edir. Son hadisələrlə bağlı olaraq turist sayının azalması, otellərin, restoran və barların da işini zəiflədib. Françayzinq hotellərdən fərqli olaraq, sadə və qədim otellərdə lüks otaqların qiyməti 50-80 manat arasında dəyişir. Adi nömrələrin qiyməti isə 30-40 manat arasındadır.

Əsir namizəd qadın

Seçki ərəfəsi Kiyevdə ümumi sakitlik idi. Təbliğat kampaniyası əhalinin dediyinə görə, ədalətli aparılırdı. Küçələrdə hər addımbaşı Yuliya Timoşenkonun, Nadya Saviçenkonun, Yatsenyuk və Turçinovun şəkilləri olan stendlərə rast gəlmək olardı. Donbass ərazisindəki 3 milyon əhali seçkiyə qatılmayacaq, yerdə qalan 32 milyonun seçkidəki iştirakına və nəticəyə təsir göstərməyəcək. Bunu biz belə düşünsək də, ukraynlar tam əksini düşünür. Onların fikrincə, demokratik şəraitdə keçirilən seçkidə bir səs belə, əhəmiyyətli hesab olunur.

Gözümüzün rənginə hörmət edən Ukrayna kişiləri

Kiyevdə olanda rəfiqəmdən mesaj alıram: "Kliçkonu görə bildinmi?" Cavabım isə: "Küçə Kliçko ilə doludur" idi. Bizdə kişilər arasında boy-buxun sarıdan nə qədər cırlaşma getdiyini anlamaq üçün Kiyevə getmək bəs edir. Kiyev təkcə gözəl qadınlardan ibarət deyil. Şəhər başdan-başa Kliçko cüssəli mavi gözlülərlə doludur. Bu şəhərin kişiləri qadınları gözlərinə görə seçirlər. Qara gözlüsünüzsə, ictimai nəqliyyatda, küçədə, bazarda sizə yanaşma fərqli olacaq. Bu şəhərdə gəlmə müsəlman qızları toxunulmazdır.

Striptiz klub xoşbəxtliyi

Digər Avropa ölkələrində olduğu kimi Ukraynada da striptiz klub mədəniyyət hadisəsinə çevrilib. İqtisadi krizisə baxmayaraq, striptiz klubların sayının və müştərilərin azalması haqda məlumat yoxdur.

Restoran və kafelərdə xidmət, demək olar ki, qüsursuzdur. Emosional qafqazlıların hər cür nazına dözən restoran, kafe sahibləri qiymətlərdə də hər cür güzəştə gedir. Bu təkcə maddi imkansızlıqla yox, həm də xidmət sektorunu bilməklə bağlıdır.

Vakarçuku dinləməyən kiyevlilər

İnqilab müğənnisi hesab edilən Vakarçukun səsini eşitmək Kiyevdə hər dəqiqə mümkün deyil. Kiyevlilərə deyəndə ki, Vakarçuk bir ay əvvəl "Okean Elzı" ilə bərabər Bakıda idi, bu onlara qəribə gəlir. Düşünürlər ki, Vakarçuku heç Ukrayna yaxşı tanımır.

Tükü tükdən seçən ukrayn qadını

Bakının payız görməyən sakinləri kimi Kiyevin soyuğu bizi üşütdü. Qaldığımız nömrədə kondisionerin yaxşı isitməməsindən şikayətlənməyə başladıq. Əsl azərbaycanlı xanımlar kimi "Lider" televiziyasının xəbər spikeri Günay Yelmarqızı və "Baku Post"un baş redaktoru Yaqut Məmmədova ilə əl-ələ verib hotel personalını ayağa qaldırdıq. Tezliklə otağa gələn, gəncliyi yenicə solmağa başlayan ukrayn qadın kondisionerin kiçik təmiri üçün kişi personalı çağırmağa getdi. Geri dönəndə isə açıq qapıdan içəri keçməyə ehtiyat edən qadın kişi həmkarına dönür: "İçəri keçmə, gözlə. İçəridəki müsəlman qızlarıdır"...

 

Bayraq davamız

Oyundan 20 dəqiqə əvvəl stadiona girməyə cəhd edirik. Stadion qapısındakı divarabənzər ukrayn bizim jurnalist olduğumuzu bəhanə gətirərək stadiona bayraqla girməyimizə icazə vermir. Hay-küy salıb azarkeşlərimizi çağırırıq. Divarabənzər oğlan bu dəfə bayrağımızın böyüklüyünü bəhanə edib onu əlimizdən alıb saxlama məntəqəsinə göndərir. Biz taleyimizlə razılaşıb stadiona keçsək də, Ceyhun Musaoğlu və Nicat Dağlar bayrağın ardınca giriş tərəfə, sözün əsl mənasında, hücuma keçir. Divarabənzər oğlanı yalnız bir söz sındırır: "Sən Putin deyilsən, bura Ukraynadır, Rusiya yox". Beləliklə, jurnalistlərimiz bayrağı geri alır.

Qələbə haqda düşünmək yox, nail olmaq lazımdır.

"Dnepr"in hansı gücdə olmasını yaxşı bilirdik. Həm də "Qarabağ" dünyada yeganə klubdur ki, öz meydanı yoxdur. Ürək sıxıntısı, ümid qarışığı ilə oyun günü hoteldən üzü "Olimpiyski" stadionuna tərəf yürüşə başlayırıq. Dövlət bayrağımız, "Qarabağ"ın bayrağı əlimizdə, dilimizdə isə himn. Biz heç birimiz futbol azarkeşi və yazarı deyildik. Bəlkə də, bəxtimiz onda gətirmişdi ki, futbolu yaxşı bilmirdik. "Dnepr"in gücünü hiss etmirdik. Bizi qalib edən də məhz bu inam idi.

Qalibiyyətdən sonra özümüzü Kiyevi fəth etmiş kimi hiss edirdik. Bir gecəlik də olsa, Avropanın ürəyi bizim idi.

Filosof sürücüsü olan şəhər

Taksi ilə stadiondan qaldığımız hotelə dönürük. Sürücü haray-həşirimizi görüb təmkinlə təbrik edir. "Evinizdə məğlub etdiyimiz üçün üzr istəyirəm" deyib zarafatlaşıram. Sürücü məni inandırır ki, qalibiyyət ev məsələsi deyil. Gələn oyun Bakıda keçiriləcək: "Gərək, siz də Bakıda qonaqpərvərlik edəsiniz. "Qarabağ"ın öz stadionu yoxdur deyirəm. Cavab isə məni yerlə yeksan edir: "Qarabağ"ın stadionu olanda sizə 10:0 uduzmağa da razıyam" deyir. Hər ölkənin öz Qarabağı var. Sürücü İlyanın Qarabağı isə Krım...
 

Günay Arda

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.