Azərbaycan tarixi və mədəniyyəti Cənubi Afrika Respublikasında təqdim olundu - FOTO

27 Oktyabr 2014 13:28
Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi fəaliyyət göstərdiyi ölkənin Pretoriya şəhərində artıq üçüncü dəfədir ki, CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin təşkil etdiyi "Diplomatik yarmarka"da iştirak edib.

Azərbaycan Respublikasının CAR-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, hər il təşkil edilən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır. Səfirliyimiz isə öz növbəsində "CAR-da Azərbaycan Dostları" qeyri-hökumət təşkilatının dəstəyi ilə Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixinə və müasir dövrünə dair fotoşəkillər, xalçalar, kitablar və mədəniyyətimizi əks etdirən digər əşyalar nümayiş etdirib.

Sərgi zamanı ziyarətçilərə Azərbaycan haqqında broşür və bukletlər təqdim edilib, Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizlə bağlı digər mövzulara həsr edilmiş çap materialı paylanılıb.

Tədbir çərçivəsində səfirliyin nəzdində fəaliyyət göstərən yerli və diplomatların uşaqlarından ibarət olan rəqs qrupu Azərbaycan milli rəqsləri ilə ziyarətçilər qarşısında çıxış ediblər.

Tədbiri gün ərzində minlərlə xarici və yerli vətəndaş ziyarət edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.