İbrahim Şehiç: "Hər kəsə sürpriz etmək istəyirik"

27 Oktyabr 2014 13:51

"Dnepr" üzərindəki qələbə Azərbaycan klublarının qrup mərhələsində ilk qalibiyyəti idi. Bu zəfər həm "Qarabağ"ın, həm də ölkə futbolunun tarixinə yazıldı". Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  bu sözləri sportsport.ba saytına açıqlamasında "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç deyib.
 

Avroliqanın qrup mərhələsinin III turunda səfərdə Ukraynanın "Dnepr" klubunu məğlub edən ağdamlıların çərçivə qoruyucusu komandasının uğurlarından danışıb. Şehiç bildirib ki, komandası sürpriz etmək istəyir: "Ötən mövsüm ölkə çempionu olduq. Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandırdıq, amma Avroliqada qrupa düşdük. Biz bunu istədik, əziyyət çəkdik və Allah da bizə kömək oldu. İndi biz daha da irəli gedib, hər kəsə sürpriz etmək istəyirik. İnanırıq ki, qrup mərhələsində ən azı 2-ci yeri tutub, növbəti mərhələyə adlayacağıq".

Bosniyalı qapıçı komanda yoldaşlarının yalnız mükafata görə yaxşı oynadığını təkzib edib: "Ümumiyyətlə, "Qarabağ" ölkədə çox sevilir. Bizim pula görə oynadığımızı deyənlər yanılırlar. Düzdür, oyunlar üçün futbolçulara vəd edilən mükafatlar komandanı daha yaxşı motivasiya edir. Amma uğurumuzun səbəbi yalnız pul deyil. Bizi izləyən və dəstək verən Azərbaycan xalqı var. Əminəm ki, "Dnepr" üzərindəki qələbə pula görə deyil, azarkeşlərə görə qazanıldı. Hər bir futbolçumuz bu cür düşünür. Həmin gecə komandamız üçün xüsusi gecə idi".

Şehiç AVRO-2016-nın seçmə mərhələsində Bosniya və Herseqovina milli komandasının çıxışına da münasibət bildirib: "Millimiz qrupda heç də pis oynamır. Sadəcə, Belçika ilə matçda bəxti gətirmədi. İndi qarşıda İsraillə çətin qarşılaşma var. Bu rəqibin heyətində Avropanın güclü klublarında top qovan futbolçular oynayır. Bizim üçün çətin olacaq. Amma ümid edirəm ki, millimiz səfərdə oynamasına baxmayaraq, ilk qələbəsini qazanacaq".

Milli.Az