Müsavatda narazılar qiyamı başlandı

27 Oktyabr 2014 13:16
Azərbaycanda müxalifətin hakimiyyətə ünvanladığı suallar arasında çoxu "Bəs hadisələr başqa cür olarsa, nə edəcəksiniz?!" kimi səslənir. Fəqət, elə həmin müxalifət hansısa olayla bağlı məsuliyyəti üzərinə götürmək və ya qərar qəbul etmək istəmir.

Müsavat Partiyasında son günlər yaşanan hadisələrə baxanda Jan-Jak Russonun "Bəzi siyasi təşkilatlar insan vücudu kimidir: doğulduğu gündən ölməyə başlayır və fəsadlarının səbəblərini də özündə daşıyır" deyimi yada düşür.
 

İsa Qəmbər başqan postuna bir daha seçilməkdən imtina edəndən və onun yerini Arif Hacılı tutandan (məhz "tutandan", çünki müsavatçılar arasında başqan kürsüsünə seçkilərin saxtalaşdırılması, nəticələrin "saf-çürük" edilməsi ilə bağlı iddialar qətiyyən səngimir) sonra partiyada yaranmış ikitirəlik, düşərgələnmə və qruplaşma meylləri daha da sürətlənib.
 

Müsavat Məclisinin toplantısına bir sıra üzvlərin qatılmamaları Arif Hacılı üçün heç xoşagələn məqam olmadı.
 

Partiyanın funksioneri, Məclis üzvü, təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı durumda kollaborasionizm və opportunizmlə məşğul olmağa meyl edən kəsləri suçlayıb: "Müsavatın Məclis üzvlərindən 10-15-i qəsdən iclasa qatılmayıb".
 

Di gəl, problem "10-15" nəfərlə bitmir.
 

İllah da ki, elə həmin R.Əmiraslanlı "dəcəllik"də suçladığı partiya üzvlərini ittiham edəndən sonra qəzəbini gizlədə bilməyib: "Belə olmaz. Yetərsay olsa da, səsvermədə məclisin 80-90%-i iştirak etməlidir ki, digər üzvlər də məclisə seçilə bilsinlər" (APA).
 

Halbuki Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun özü və tərəfdarlarının əksəriyyəti, o cümlədən Vurğun Əyyub iclasa qatılmamışdılar.
 

Bu isə partiyanın nüfuzlu mənsublarının Müsavatın indiki başqanı Arif Hacılının səlahiyyətlərini tanımadıqları anlamına gələ bilər.
 

Arif Hacılı isə hələ susur. Deyəsən, o, Marqaret Tetçerin "Yorulanadək burada qalacağam. Britaniyanın mənə ehtiyacı olduğu müddətdə isə yorulmayacağam" deyimini xatırlayıb.
 

Amma Müsavat intriqalar və qarşıdurmalardan yorulmağa başlayıb.
 

Yeni başqan heç nə olmamış təki davransa da...

Tural Müseyibov

Milli.Az