Əməkdar artist: "Onları çox pis günə qoyurlar"
27 Oktyabr 2014 13:12
Milli.Az əməkdar artist Baloğlan Əşrəfovun qafqazinfo-ya müsahibəsini təqdim edir:
- Baloğlan müəllim, nə kimi yenilikləriniz var?
- Yeni mahnılar üzərində çalışıram. Bəzi televiziya kanalları ad günümü qeyd etdilər. Yanvar ayında Rusiya şəhərlərindən birində solo-konsertim gözlənilir.
- Çoxdandır konsert vermirsiz. Ehtiyac yoxdur, yoxsa yorulmusuz?
- İnanın ki, konsertlə bağlı təkliflər həddən artıq çoxdur. Mən sponsor axtaran müğənni deyiləm. Buna qəti ehtiyacım yoxdur. Konsert salonlarının rəhbərləri özləri mənə müraciət edir və deyirlər ki, "nə lazımdırsa edərik". Fonoqram deyilən bir şey var, o da mənlik deyil. 15-20 mahnı da oxusam, bunu canlı ifa etməliyəm. Bütün bunlar üçün isə yetərincə məşq lazımdır. Bu da vaxt tələb edir.
- Belə çıxmırmı ki, siz estafeti könüllü olaraq gənclərə vermisiz?
- Mənim mahnılarımı bir çoxları səsyazma studiyasında yazdırıb ifa edirlər. Hətta bu ifalar üçün xeyir-duamı alanlar da olub. Abbas, Samir Piriyev, Ayaz və bir çox başqa müğənnilər mahnılarımı ifa ediblər. Mən də onları dinlədikcə qürur hissi keçirirəm.
- Amma səsi olmayan gənclərimiz də az deyil...
- Səsi olmayanlara nəsə deməyə ixtiyarım çatmır. Bütün bunlar onların öz vicdanına qalıb. Onları efirə buraxanlar var. Bu yaxınlarda ad günümdə ansamblla canlı olaraq Qarabağa aid bir mahnı ifa etdim. Və bu mahnı böyük rəğbətlə qarşılandı. Lakin mənim oxuduğum bəzi mahnılar var ki, sonradan onları çox pis günə qoyurlar. Daha doğrusu elə oxuyurlar ki, artıq nəsə deməyə söz də tapmıram.
- Şou-biznesin bu günü sizi narahat etmir ki?
- Mən şou-bizneslə maraqlanmıram, mahnılarımı oxuyuram. Necə şou göstərib, biznes edirlər, mənə onun heç bir dəxli yoxdur.
- Hərə özünə bir ləqəb qoyur. Buna münasibətinizi bilmək istərdim.
- Kim hansı ləqəbi qoyursa, halal xoşu olsun. Ləqəbi daşımaq, onu qorumaq və o etimadı doğrultmaq lazımdır. Mən Baloğlan Əşrəfov kimi tanınmışam və bu adla da gedəcəyəm.
- Sizcə layiqli qiymətinizi almısız?
- Artıq 43 ildir ki, oxuyuram. Baloğlan adımla fəxr edirəm. Vəssalam.
- Niyə duet oxumursuz?
- Öz mahnılarımı özüm xalqa çatdırıram. Bu vaxta kimi ən çox duet ortağı olan müğənni mən olmuşam.
- Həyatınızı qismən də olsa əhatə edən kilp çəkdirmək istərdiz?
- Mənim bir mahnım var, istəyirəm ona bir klip çəkdirim. Lakin bu klipi kimlərinsə maraq mövzusuna çevirmək fikrində deyiləm.
- Sizi nə təəccübləndirə bilər?
- Məni heç bir şey təəccübləndirə bilməz. Heç görmüsünüz ki, dünyaca tanınmış müğənnilərlə şəkillərimi nümayiş etdirim? Halbuki bir çox müğənnilərlə, Sibel Can, Mahsum Qırmızıgül, Sərdar Ortac və digər tanınmışlarla şəkillərim var. Bunu özümə piar bilmirəm. Sadəcə onlar öz ölkərinin tanınmışlarıdır, mən də Azərbaycanın.
- Haqqınızda deyilən hansısa bir şayiə məhkəməyə yol aça bilər, yoxsa əhəmiyyət verməyib ötə bilərsiz?
- Mənim haqqımda heç bir şayiə ola bilməz. Əgər şəxsiyyətimə, hissiyyatıma toxuna biləcək nəsə olarsa, məhkəmədən öncə o adamı özüm məhkəmə edərəm.
- Tanrı sizdən nə əsirgəyib? Keçirdiyiniz əməliyyat öncəsi və sonrası həyatınızda nə dəyişdi?
- Həyatımda çox şey dəyişdi. Xalqımı daha yaxşı tanıdım. Başa düşdüm ki, Azərbaycan xalqı ən gözəl xalqdır. Fəxr edirəm vətənimlə. Yaxşıların qiymətini bildim. Pisliklərə göz yumdum. Lakin heç kimlə dostluğumu pozmadım.
Milli.Az