Bu qan səni tutasıydı, tutdu da...

31 Oktyabr 2014 01:00
Ötən ilin payız ayları idi. Oğlum dedi ki, müəllim təbiət haqqında şeir öyrənməyi tapşırıb. Yadıma Səməd Vurğunun "Ceyran" şeiri düşdü. Əlbəttə ki, tez əzbərlədik. Şeirin axıcılığı, aydınlığı buna imkan verdi. Səhər də dərsə gedəndə yolda təkrarladıq. Allah mənim xasiyyətimi kəssin, bir az da görünür, payızın təsirindən idi, - ağladım şeiri deyəndə. Oğlum da mənə baxıb ağladı.

Uşaq nə bilir, nə var, nə yox bu dünyada?

On addım kənarda yatmayır təkə

Gəzinir oylağa baş çəkə-çəkə.

Gələn qaraltıdır, yoxsa təhlükə -

Bir özünə baxır, bir ona ceyran...

 

...Allahın yaratdıqlarının ən şərəflisiyik guya, bu dünyada bəxtəvər olmaq, yarımaq şansımız var, başımızın milçəyini qoruya bilmirik... Heyvancığazların isə hamısının taleyi birdir. Yəqin, onlara tale yazılmır da heç...
 

Uşaqlıqda eşitmişdim ki, böyük şair bu şeiri ovda olarkən, ovçu yoldaşının ceyranı nişan almasına etirazla yazıb. İnanmışdım və "qıyma öz qanına boyana ceyran..." deyəndən sonra mütləq gözüm dolurdu, gözümün önünə balasının gözü qabağında gülləyə tuş gəlmiş ceyran gəlirdi... Mənə ən çox təsir edən isə ceyranın gücsüzlüyü, zərifliyi idi...

Amma sonra, Hüseyn Arifin "Bir dağ kəli yaraladım zirvədə" şeirini oxuyanda başa düşdüm ki, güllə qarşısında, zor qarşısında, ölüm qarşısında nəhəngin acizliyi betər olur.

Bir dağ kəli yaraladım zirvədə,

Baş titrədi, ayaq əsdi, daş axdı.

Bir canlını candan saldı bir zədə,

İki gözdən iki damla yaş axdı.

 

Düşünmədim, anadır, ya baladır,

Ovçu atar ov bərədən keçəndə.

Ala tula qanlı daşı yaladı,

O sönürdü tikanlığın içində.

 

Qabaqlaşdıq sökülməmiş qızıl dan

Mən silahlı, o silahsız bu yerdə.

Yarı yolda ayrı düşdü qatardan

Mən günahlı, o günahsız bu yerdə.

 

Öz halına təkcə özü ağladı

Kimi var ki, kim dayana yanında.

Dil uzadıb, nəm torpağı yaladı,

Sumu keçdi xəyalından son anda?

 

Dodaq yanır, yanaq yanır, üz yanır,

Buludumu, dumanımı əyləsin?

Boylandıqca baxış yanır, od yanır,

Bu yanğıyla sellər, sular neyləsin?

 

Ağır-ağır dartıb bükdü dizini

Muncuqladı kirpiklərdə donan tər.

İndən belə toz basacaq izini,

İndən belə nə yürüş var, nə səfər.

...və indi siz bu şeiri yazan insanın ruhi vəziyyətini təsəvvür edin. Hələ şeirin sonuna hopmuş faciəni yaşamış bir şairin vəziyyətini...

Birdən-birə elə çırpdı özünü,

Sağ buynuzu qopub qaldı qayada.

Ey Hüseyn, qısa elə sözünü,

Bu qan səni tutasıydı, tutdu da...

"Bu qan səni tutasıydı, tutdu da..." Bu qan Hüseyn Hüseynzadəni tutdu, oğlu Arif 21 yaşında avtomobil qəzasında həlak oldu, bundan iki il sonra qələmi qan ağlayan Hüseyn Arif "doğuldu".

Arif gedən gündən Hüseyn adlı

Bir kədər şairi gəldi dünyaya.

Tanrı yanına təmiz, saf aparmaq istədiyi bəndələrinin cəzasını elə bu dünyada verir, bəlkə. Amma dağ kəlinə atdığı gülləyə peşman olan şair qəlbinin günahı beləmi böyük idi?

Qəza bir qapını bağlamayıbdır

Bizim qapımızı bağlayan kimi.

Füzuli Məcnuna ağlamayıbdır,

Hüseyn Arifə ağlayan kimi.
 

Bu dərdi çəkə bilməyib Hüseyn Arif ailəsi. Qızları bu gün də müsahibələrində gəlmək istəmirlər o söhbətin üstünə. Özü nələr çəkib, bir Allah bilir...
 

Dağ sökülüb dedilər,

Bel bükülüb dedilər.

Arif ölüb dedilər -

Ölümə qurban olum.
 

Amma ortada "Hüseyn Arif lətifələri" deyə zarafatlar dolaşır. Şeirlər gizlində, qaranlıqda, tənhalıqda, lətifələr isə gündüzlər, dostların arasında yaranır axı...

Qızılgül

Milli.Az