Bakıda satılanların hürdüyü yer - FOTO

27 Oktyabr 2014 11:51

Bakının "İt bazarı"ndan reportaj: 2000 manata Sivas "kanqal"ı ...

El arasında "it bazarı" kimi tanınan "Təzə bazar"da təşkil olunan heyvan yarmarkasında hər həftənin bazar günü olduğu kimi, bu bazar da alıcı əlindən tərpənmək olmur. Bazarın heyvanlar satılan hissəsində müxtəlif cinsdən və yaşdan olan itlərə rast gəlmək olar. Bazarda cins itlərlə yanaşı, ev quşları, xüsusən də tutuquşular, balıqlar, dovşan, siçan, tısbağa da satılır. Ancaq alıcıların diqqətini ən çox cəlb edən cins itlərdir.

Bakıda ev heyvanları biznesinin durumu ilə maraqlanmaq üçün biz də "Təzə bazar"a üz tutduq. Havanın soyuq və yağıntılı olması heyvanların vəziyyətinə də təsirsiz ötüşməmişdi. Bazarın daimi satıcıları itləri xüsusi qəfəslərdə və daha rahat şəraitdə saxlasalar da, təsadüfi gələnlər qapının ağzında yağışın altında durub müştəri gözləməli olmuşdular. Yağışdan islanan itlərdən daha pis durumda olan, kiçik qəfəslərə doldurulan 4-5 iti də görmək olar.

Satıcılarla söhbətdən məlum oldu ki, burada özü saxladığı itlərin balalarını satanlar da var, it ticarəti ilə məşğul olanlar da.

Bazarda hər satıcının başına 4-5 müştəri toplaşıb. Kimi almaq istədiyi itin özəlliklərini öyrənir, kimi qiymət üstündə mübahisə edir. İtlərə sadəcə marağını öldürmək məqsədilə baxanlar, bazarı zoopark hesab edərək gəzənlər də az deyil.

Qiymətlərə gəlincə, burada hər qiymətə it tapmaq olar. Türkiyənin Sivas bölgəsindən gətirilən "kanqal" cinsindən olan it bu bazardakı ən bahalı cins sayılır. Onun qiyməti 500 manatdan başlayıb 2000 manata qədər yüksəlir. "Pitbull"lların qiyməti isə 200 manatdan başlayır. Alman ovçarkasının qiyməti 200 manatdan başlayaraq 800 manata kimi yüksəlir. Satıcının sözlərinə görə, sahibinə qarşı çox mehriban olan bu itlər əsasən mühafizə məqsədilə alınır.

Ən çox xanımlar tərəfindən alınan "pekines" cinsinin ən ucuzu 250 manatdır, daha böyük və təlim görmüş "pekines"ləri isə 500-600 manata almaq olar. 9 aylıq "çoban iti"nin qiyməti isə 600 manatdır, onlar daha çox maldarlıqda mühafizə məqsədilə istifadə olunur. Yeni doğulmuş "çoban iti" 200-300 manatdır.

Satıcılar deyirlər ki, burada satılan həm yerli, həm də xaricdən gətirilən itlər hamısı Dövlət Baytarlıq İdarəsində qeydiyyatdan keçir və sənədləşdirilir. Satılarkən itin sənədləri də müştəriyə təqdim olunur. Çünki ölkə xaricinə çıxarkən itlər üçün də sənəd tələb olunur. İtlər ən çox Rusiya Federasiyasından gətirilir, həmçinin Ukraynadan, Gürcüstandan, Türkiyədən gətirilən it cinsləri də az deyil.

Alınan itlərin müştəri tərəfindən geri qaytarılması üçün 3 gün vaxt verilir. Əgər müştəri iti bəyənmirsə və ya hər hansı səbəbdən qaytarmaq istəyirsə, 3 gündən gec olmayaraq sahibinə geri verməlidir, əks halda qaytarılmır.

Satıcı Səbinə Səmədovanın sözlərinə görə, qadın və kişi alıcıların itlə bağlı zövqləri çox müxtəlifdir: "Kişilər daha çox böyük itlərə, ovçarka, çoban iti, pitbull və digərlərinə üstünlük verirlər. Qadınlar isə, balaca, dekorativ itlərə üstünlük verirlər. Qadınların ən çox sevdiyi it cinsi "pekinesdir" Ən çox ailələr it almağa gəlirlər. Evdə saxlamaq üçün ən rahat və tükü tökülməyən cins pekinesdir və daha çox satılır.

"Rotveyler" və "doberman" da ən çox satılan cinslərdir. Onların qiyməti 400 manatdan başlayır. Ən çox qadınların maraq göstərdiyi "Şpis" cinsinin qiyməti 200-600 manat arasında dəyişir.

Bazarda saysız-hesabsız quş növlərinə də rast gəlmək mümkündür. Satıcıların sözlərinə görə, quşlardan tutuquşulara maraq böyükdür. Onların qiyməti 10-15 manat arasında dəyişir. "Korella" növündən olan tutuquşu isə 40 manatdır. Onlara müəyyən sözlər öyrətmək də mümkündür. Adi göyərçinlərin qiyməti isə 5 manatdan başlayır.

Balıqlar isə bazarın ən ucuz heyvanlarındandır, qiyməti bir manatdan başlayır. Ancaq qeyri-adi balıq növlərini 15-20 manata da tapmaq olar. Balıqdan söz düşmüşkən, akvariumlar və ona aid hər cür aksesuarları da burada tapmaq mümkündür.

"İt bazarı"nda siçan, tısbağa, dələ, pişik, dovşan və başqa dekorativ heyvanlar da var. Qiymətlər isə paytaxtdakı digər zoomağazalarla müqayisədə daha ucuzdur. Heyvanların saxlanma şəraitinə gəlincə, təəssüf ki, bu haqda müsbət söz demək mümkün deyil . Yayda günün altında satılan heyvanlar, payızda da yağışdan islanmış halda soyuqda saxlanılır. Bəzi qəfəslər itlərin boyunun ölçüsündən daha kiçikdir. Balaca cins itlər isə bir qəfəsdə 4-5 ədəd olmaqla, saxlanılır. Bazarın dam örtüyünün yararsız olması yağan yağışın içəri dammasına səbəb olur. Piştaxtaların arası ilə gedən yolda addımbaşı ayağın gölməçəyə düşür. Bu soyuq və rütubətin nəticəsi olaraq, qəfəslərdəki itlər sanki donmuşdu. Bazarda yüzə yaxın it olmasına baxmayaraq, demək olar ki, it səsi gəlmir. Bu cür şəraitdə saxlanma heyvan hüquqların pozulmasıdır.

"İt bazarı"na alıcı marağının çox olması onu deməyə əsas verir ki, Azərbaycanda ev heyvanları biznesi "qara bazar"da daha uğurludur. Çünki müşahidə etdiyimiz heç bir zoomağazada bu cür müştəri axını görmədik.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.