Sensasion iddia: Ebola Bakıya onlarla gələ bilər

27 Oktyabr 2014 11:30

Azərbaycana satılan geyimlər təhlükəli virusun yayılmasına səbəb ola bilər; ölümcül virus can almaqda davam edir...

Afrikada yayılan qorxulu Ebola virusu Avropada da artıq ciddi təhlükəyə çevrilməkdədir. Bu virusa yoluxmanın özünü gec göstərməsi təhlükəlilik riskinin daha da artırır. Bu virus artıq ölkəmizin sərhədlərinədək irəliləyib. Qardaş ölkə Türkiyənin bir sıra vilayətlərində Ebola virusu şübhəsi ilə bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Virusa yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin dörd nəfəri həcc ziyarətindən qayıdan şəxslərdir. Bu günlərdə Azərbaycanın Səhiyyə Nazirliyi də həcc ziyarətinə getmiş zəvvarları, özlərində narahatlıq hiss edərlərsə, müayinədən keçməyə çağırmışdı.

Nazirlikdən onu bildiriblər ki, əgər Azərbaycanda da Ebola virusunun daşıyıcı aşkar edilərsə, bunun üçün xüsusi həkim briqadası hazırlanıb. Və həmin virus daşıyıcısı da onlar tərəfindən nəzarətə götürüləcək. Səhiyyə Nazirliyi bəyan edib ki, bunun üçün xəstəxanalarda xüsusi bölmələr də yaradılıb. "Azərbaycana Avropadan gətirilən ikinci əl paltarları təhlükəli virusların yayılmasına səbəb ola bilər. Hətta ikinci əl paltarları ilə Ebola virusunun yayılmayacağına heç kim zəmanət verə bilməz. Belə təhlükə var". Bu sensasion iddia ilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış edib.(virtualaz.org).

AİB sədri deyib ki, "Second hand", "Memi", "Avropadan geyimlər", "Ucuz Avropa geyimləri" adı altında fəaliyyət göstərən mağazalardakı paltarlardan dəri xəstəliklərinin də yayılma ehtimalı böyükdür: "Bu paltarlar təmizlənməli, sertifikatlaşdırılmalıdır. Amma onların gigiyenik yoxlamadan keçib-keçmədiyi də bəlli deyil".

E.Hüseynovun sözlərinə görə, dünyada təhlükəli virusların yayıldığı bir vaxtda ölkəyə gətirilən mal və məhsullara nəzarət gücləndirilməlidir: "Bəllidir ki, bu gün ən təhlükəli virus Eboladır. Ebola həm də xəstənin toxunduğu əşyadan, paltarlardan keçir. Sərhəd-keçid məntəqələri virusla mübarizəyə hazır olmalıdırlar. Məsələn, mən "quş qripi" virusunun yayıldığı vaxtlarda xarici ölkələrin birindən Bakıya qayıdırdım. Təyyarədə bizə verilən anketdə yüksək hərarətim olduğunu və "quş qripi"nin digər əlamətlərini sadaladım. Bununla da hansı tədbirlər görüləcəyini öyrənmək istəyirdim. Amma kimsə anketdə qeyd etdiyim telefonla əlaqə saxlayıb vəziyyəti öyrənmədi. Buna görə də Ebolaya görə ciddi yoxlamalarla bağlı müəyyən şübhələr var".

Qeyd edək ki, son bir neçə gündə Azərbaycanda əhali arasında bananların Ebola virusuna yoluxmaya səbəb olması barədə şayiələr dolaşır. Respublikanın baş pediatrı Nəsib Quliyev Afrikadan gətirilən bananda Ebola virusu olduğunu istisna etməyib.

Ebola qızdırmasının təsdiq edilməsi, ehtimalı və şübhəsi ilə bağlı halların sayı artaraq 10141-ə çatıb. 4922 nəfər dünyasını dəyişib. Bu məlumatı oktyabrın 25-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb. Bu infeksiyaya yoluxan insanların böyük əksəriyyəti üç ölkənin - Qvineya, Liberiya və Syerra-Leonenin payına düşür. Həmin ölkələrdə virusa 10.114 nəfər yoluxub, 4912 adam ölüb. Qeyd edək ki, Ebola virusuna qarşı hər hansı vaksin və ya dərman qeydiyyata alınmayıb.

Ən ağır vəziyyət Liberiyadadır. Burada 2705 ölüm faktı qeydə alınıb, 4665 adam virusa yoluxub. Ölkənin 64 mahalının 63-də mövcud epidemiya çərçivəsində kəskin virus infeksiyasının yayılması halları, ölüm səviyyəsi 70 faizi ötüb.

Hesabatda Nigeriya, Seneqal, İspaniya və ABŞ-dakı vəziyyət ayrı-ayrılıqda nəzərdən keçirilir. Bu ölkələrdə virusun adı çəkilən ölkələrdən gətirilməsi halları qeydə alınıb. Nigeriya və Seneqalda epidemiya bütünlüklə başa çatmış elan edilib. İspaniyada bir xəstə sağalıb və onun ünsiyyətdə olduğu 83 adamın vəziyyəti izlənilir. ABŞ-da dörd yoluxma və bir ölüm faktı qeydə alınıb, 262 adam müşahidə altındadır.

Hesabatda o da vurğulanır ki, Malidə Ebola virusu aşkar edilən ikiyaşlı qız ölüb. Ölkədə 43 adam nəzarət altındadır. Ölkədə sərbəst hərəkət edən xəstə qızın çoxlu sayda insanı yoluxdura biləcəyindən ehtiyatlanan ÜST daha əvvəl Malidəki durumu "fövqəladə vəziyyət" kimi qiymətləndirib.

"Yeni Müsavat"