Türkiyədə Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksinin açılışı olub - FOTO

27 Oktyabr 2014 10:37
Doğma yurdunda - dünyaya göz açdığı İsparta vilayətinin İslamköy kəndində Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin həyat və fəaliyyətini əks etdirən "Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi"nin açılışı münasibəti ilə təntənəli mərasim keçirilib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın dövlət rəsmiləri və ziyalılarından ibarət nümayəndə heyətinin də qatıldığı mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, nazirlər, ölkədə fəaliyyət göstərən siyasi partiyaların, Ankaradakı diplomatik korpusun rəhbərləri, xarici ölkələrdən gəlmiş prezidentlər, sabiq dövlət və hökumət başçıları, müxtəlif sahələri təmsil edən görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin başçısı İlham Əliyevin təbrik məktubunu Süleyman Dəmirələ təqdim edib. Təbrik məktubu mərasimdə oxunub.

Dövlət rəsmiləri, Milli Məclisin deputatları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təmsilçisi, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yazıçı və şairlərin təmsil olunduqları Azərbaycan nümayəndə heyəti tərəfindən muzeyə müxtəlif hədiyyələr verilib.

Süleyman Dəmirəlin uzun zaman kəsiyini əhatə edən siyasi fəaliyyətini əks etdirən film nümayiş etdirilib, sonra bədii hissə olub.

Mərasimdə çıxış edənlər Süleyman Dəmirəl şəxsiyyətinin ucalığından, onun demokratik mübarizəsindən və Türkiyədə əldə olunan nailiyyətlərdən danışıblar. Diqqətə çatdırılıb ki, bütün siyasi həyatını Türkiyənin inkişafına həsr edən Süleyman Dəmirəl ilə ümummilli lider Heydər Əliyevin səmimi dostluğu Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf strategiyasını müəyyənləşdirib, o cümlədən türk dünyası birliyinin inkişafına təkan verib.

Süleyman Dəmirəl Vəqfi tərəfindən Dəmirəllər ailəsinin ata-baba mülkü olan torpaq sahəsində qurulmuş Muzey Kompleksi 16 min kvadratmetr ərazini əhatə edir. Süleyman Dəmirəlin qardaşı mühəndis Şövkət Dəmirəl tərəfindən layihələşdirilən kompleksdəki binaların inşasında Səlcuqlar və Osmanlı dövrünün memarlıq üslubundan istifadə olunub.

Altı min kvadratmetr tikilini əhatə edən Muzey Kompleksi Süleyman Dəmirəlin uşaqlıq həyatı, baş nazir olduğu illərdə ölkənin sosial - iqtisadi həyatında nail olduğu inkişaf, dövlət başçısı kimi qazandığı siyasi nailiyyətlər, ona verilən hədiyyələr, kitabxana, istifadə etdiyi geyim dəstləri və digər məqamlardan ibarət bölmələrdən ibarətdir. Ulu öndər Heydər Əliyev ilə Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətlərini əks etdirən şəkillər, Prezident İlham Əliyevlə birlikdə olan xatirə fotoları, kitab və jurnallar, həmçinin qiymətli hədiyyələr və Azərbaycandan aldığı təltiflər kompleksin muzey binasında xüsusi bölümdə əks olunub.

Muzey Kompleksinin açılışı münasibəti ilə İslamköy kəndində böyük bir izdiham yaşanıb. Kompleksin yerləşdiyi ərazini əhatə edən küçələr dövlət qurumları, şirkət və təşkilatlardan, Süleyman Dəmirəlin dostları və sadə insanlar tərəfindən gətirilmiş gül çələngləri, tər çiçəklərlə bəzədilib.

Həmkəndliləri də əlamətdar hadisə münasibətilə sevinc hislərini dünya şöhrətli siyasi və dövlət xadimi Süleyman Dəmirəllə bölüşüblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.