Gənclər fələstinli yeniyetmənin polis tərəfindən öldürülməsinə etiraz ediblər
Yaxın Şərqdə fələstinli gənclərlə İsrailin təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib.
Anspress-in məlumatına görə, gənclər bir qədər əvvəl Orvah Həmməd adlı fələstinli yeniyetmənin polis tərəfindən öldürülməsinə qəzəblərini ifadə ediblər. Silvad şəhərində yaşanan qarşıdurmalar yeniyetmənin dəfn mərasimindən sonra baş verib. Fəallar daşlarla təhlükəsizlik qüvvələrinə hücum ediblər. Polis gözyaşardıcı qaz və rezin güllələrlə aksiyanı dağıtmağa çalışıb.
Qeyd edək ki, İsrail polisi ötən cümə günü baş verən bədbəxt hadisənin günahını ölən şəxsin özündə görür. Polisin sözlərinə görə, sözügedən şəxs etiraz aksiyası zamanı əlində yanacaq çəni ilə təhlükəsizlik qüvvələrinə hücum etməyə çalışırmış. Polis isə müdafiə məqsədilə ona başından atəş açıb.
Öldürülən yeniyetmənin Amerika Birləşmiş Ştatları vətəndaşlığı var.
Amerika hökuməti faktla bağlı təxirəsalınmaz istintaq araşdırması tələb edib.