Turizmin inkişafı İrana nə vəd edir?
27 Oktyabr 2014 10:10
Son illər İranın nüvə proqramı ilə bağlı bu ölkəyə tətbiq olunmuş sanksiyalar, xüsusilə neft və neft məhsullarının satışına qoyulmuş qadağalar İranı öz iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq üçün addımlar atmağa məcbur etdi. Ölkədə neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft ixracatının artırılması "müqavimət iqtisadiyyatı" şəraitində atılmalı addımlardandır. Uzun illərdir ki, İran bu asılılığı aradan qadırmağa çalışır. Ölkədə istehsal və ixracatı artırmaq üçün xeyli iş görülür. Lakin ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün İran son bir il ərzində turizmin inkişafı üzrə də bir xeyli işlər görüb.
İstehsal və ixracatın vəziyyəti
Bu ölkənin xarici ticarətinə baxdıqda görürük ki, İran, əsasən, Asiya ölkələri və qonşu ölkələrlə ticarət aparır. Belə ki, bu ölkənin xarici ticarətinin əsas istiqaməti Asiya ölkələridir və Avropa ölkələrinin xarici ticarətində rolu nəzərəçarpacaq qədər deyil.
Gömrük statistikası göstərir ki, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Əfqanıstan, İraq və Hindistan İran mallarının ixrac olunduğu əsas ölkələrdir. Əlbəttə, Çin, Hindistan və BƏƏ ilə ticarət balansı mənfidir, lakin İraq və Əfqanıstanla müsbətdir.
İran Gömrük İdarəsinin stastistikasına əsasən, cari ilin ilk altı ayı ərzində (İranda il martın 21-də dəyişir) İrandan digər ölkələrə 23 milyard 199 milyon dollar dəyərində mal ixrac olunub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb. Həmin dövrdə İrandan ixrac olunan malların 57 faizini neft, qaz və neft məhsulları, 43 faizini isə qeyri-neft məhsulları təşkil edir. Deməli, ixrac olunan malları 10 kateqoriyaya bölsək, onlardan 9-u neft, mədən, neft-kimya məhsulları, 1-i isə qeyri-neft məhsuludur. İxrac olunan qeyri-neft məhsulları arasında isə püstə üstünlük təşkil edir. Əlbəttə, Əfqanıstan, İraq və MDB ölkələrinə sənaye malları da ixrac olunur ki, həmin məhsullar qeyd olunan 10 kateqoriyadan sonrakı sırada gəlirlər.
Gömrük İdarəsinin məlumatını bir az incələyəndə bu qənaətə gəlmək olar ki, İran ixracatının 70 faizi region ölkələri, xüsusilə də 5 ölkənin payına düşür. 30 faiz isə digər ölkələrdir.
Turizm və onun İran iqtisadiyyatına təsiri
Turizm sənayesi dünyada iqtisadi fəaliyyət üçün ən böyük və ən gəlirli sahə hesab olunur. Bu sahə birbaşa və ya dolayısilə hər bir ölkənin mədəni və iqtisadi fəaliyyətinə təsir göstərir. Heç şübhəsiz, turizm ən çox gəlir gətirən və işsizliyin aradan qaldırılmasına şərait yaradan sahədir.
İran turizm, tarixi, mədəni məkanları və əsrarəngiz təbiətinə görə dünyada səkkizinci ölkə hesab olunur. Ötən il bu ölkəyə digər ölkələrdən 5 milyon turist səfər edib ki, onların da yarısı bu ölkəyə müqəddəs yerlərə (Məşhəd, Qum) ziyarət məqsədi ilə gələnlərdir. Bu da onu deməyə əsas verir ki, İrana turistlər daha çox Asiya və qonşu ölkələrdən gəlirlər. Bu istiqamətdə də Avropanın payının az olduğunu görürük.
İranın Turizm, Əl işləri və Mədəni İrsin qorunması Təşkilatının sədri Məsud Sultanifər deyib ki, tuirzm sənayesi gəlir qazandıran, iş yeri yaradan bir sahədir və ötən il (İranda il martın 21-də dəyişir) ölkə turizmdən 6 milyard dollar gəlir əldə edib: "Cari ildə bu göstəricini 25 faiz artırmağa çalışacağıq".
İran KİV-lərinin məlumatına görə, hazırda bu ölkədə 900 turizm layihəsi icra olunur ki, bu layihələrin də ümumi dəyəri 7 milyard dollardan çoxdur (1 dollar = 26 705 rial). Bu layihələr üzrə işlərin 40 faizi artıq görülüb.
İran hökuməti son illər ərzində inflyasiyanın azaldılması, iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün müxtəlif işlər görür, ölkədə iqtisadi sabitlik yaratmağa çalışır və bu məqsədlə digər ölkələrdən turistlərin İranın müxtəlif bölgələrinə səfərlərini təşkil edir. Hökumət xüsusilə Avropa ölkələrindən turistlərin İrana səfərini təmin etməyə çalışır. Belə səfərlərdən biri kimi Budapeşt-Tehran VİP səyahət qatarının və ya Cənubi Koreya - Bəndər Abbas dəniz səyahətinin təşkilini göstərmək olar.
Qeyd edək ki, hər cür şəraiti olan Budapeşt-Tehran VİP səyahət qatarı Budapeştdən Rumıniyaya, oradan isə Bolqarıstan və Türkiyə vasitəsilə İran ərazisinə daxil olur. Sərnişinlər səfər müddətində qatarda gecələyir və İranın müxtəlif şəhərlərini gəzirlər.
İranda hazırda 1100 hotel var ki, onlardan 130-u 4 və 5 ulduzludur. 2025-ci ilədək hotellərin sayının 3 dəfə artırılması planlaşdırılır. Ekspertlərin fikrincə, 2025-ci ilə qədər İrana gələn turistlərin sayı indiki 5 milyon nəfərdən 20 milyon nəfərədək artacaq.
Nüvə proqramına görə beynəlxalq ictimaiyyətin təcrid etməyə çalışdığı İran turizmin inkişafı ilə həm də dünya ictimaiyyətində bu ölkə haqqında yaranmış mənfi fikirləri özündən uzaqlaşdıra bilər. Bu, elə uzun illər bəzən dalana dirənməyə qədər uzanan nüvə müzakirələrinin də müsbət həllinə gətirib çıxara bilər. Müxtəlif ölkələr arasında gediş-gəlişin artması və turizmin digər üstünlüyü də ölkələri siyasi və beynəlxalq əlaqələr baxımından bir-birinə yaxınlaşdırmasıdır.
Təmkin Cəfərov
Trend-in icmalçısı