Həzrəti İmamın (ƏS) məqbərəsinin günbəzində əza bayrağı qaldırılıb
Həzrəti peyğəmbərin (ƏS) nəvəsi İmam Hüseynin (ƏS) məqbərəsinin olduğu İraqın Kərbəla şəhərində məhərrəmlik tədbirləri başlayıb.
Anspress-in məlumatına görə, artıq Həzrəti İmamın məqbərəsinin günbəzindəki "Ya Hüseyn" yazılmış qırmızı bayraq, "Ya Hüseyn" yazılmış qara bayraqla əvəzlənib. Yüzminlərlə İmam aşiqinin, "Ləbbeykə Ya Hüseyn" nidalarının müşayiəti ilə İmam Hüseyn (ƏS) hərəmində mərsiyələr və qəsidələr oxunur.
Qeyd edək ki, Azərbaycan da əzadar tədbirlərinin keçirildiyi ölkələrdəndir. QMİ Qazılar Şurasının məhərrəm ayının başlaması barədə fətvasında bu ayın İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə olunur:
"... Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir..." .
Xatırladaq ki, İslam peyğəmbəri Hz. Muhammədin (ƏS) nəvəsi İmam Hüseyn (ƏS) və 72 silahdaşı məhərrəm ayının 10-da - aşura günü Kərbəla çölündə şəhid edilib. İslam tarixinin ən qara səhifəsi olan bu hadisədən sonra əksər müsəlman ölkələri məhərrəm ayında əzadarlıq və s. bir sıra tədbirlərlə Kərbəla faciəsini yad edirlər.