Anatoli Moskvin sözün əsl mənasında kiçik qız meyitləri düşkünüdür
Rusiyanın Nijni Novqorod şəhərində 3 il əvvəl tükürpədici hadisəyə imza atmış Anatoli Moskvin adlı şəxs barədə məhkəmə yekun qərarını verib.
Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, yerli polis orqanları 2011-ci ildə Anatoli Moskvinin yaşadığı mənzildə 150-yə yaxın azyaşlı qızın qəbrindən çıxarılaraq mumiyalanmış cəsədini aşkarlayıb.
Əsas peşəsi tarixçilik olan Anatoli Moskvin sözün əsl mənasında kiçik qız meyitləri düşkünüdür. 2010-cu ildən şəhər qəbristanlıqlarından meyitlərin yoxa çıxmasını araşdıran yerli hüquq mühafizə orqanlarını izlər tarixçi alimin evinə aparıb.
Yaşları 3 ilə 12 arasında dəyişən 150 qız meyitini evinə daşıyaraq mumiyalayan 46 yaşlı tarixçi onlardan qəribə oyuncaqlar düzəldib.
Polis idarəsi manyak-tarixçinin evindən tapılmış başdaşı şəkilləri və lövhələri sayəsində meyitlərin kimliyini təxmin etsə də, onların hansı qəbristanlıqlardan qaçırıldığını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, Nijni-Novqorod vilayətinin tanınmış tarixçi alimlərindən olan Anatoli Moskvin həm də mükəmməl linqvistik bacarıqlara malikdir, 13 dildə danışa bilir. Ən qəribəsi isə odur ki, alim 2005-ci ildən 2007-ci ilə kimi vilayətin 752 qəbristanlığında müxtəlif elmi araşdırmalar aparıb.
Saxlanıldığından bəri 3 ildir ruhi-əsəb dispanserində müalicə olunan Anatoli Moskvinin ömürlük orada qalmasına qərar verilib.