"Ana, Allah xətrinə, ağlama, fəryad etmə! Səni sevirəm. Nə yazıq ki, ölümümdən əvvəl səni qucaqlaya, bağrıma basa bilmirəm".
27 yaşlı Reyhanə Cabbari edamından bir neçə saat əvvəl anasına ünvanladığı məktubda belə yazmışdı.
Reyhanə Tehrandakı "Rəcai Şəhri" həbsxanasında asılıb. O, 2009-cu ildə həbs olunmuşdu.
Qızın günahı onu zorlamaq istəyən adamı öldürməkdi.
5 il əvvəl Şəriət məhkəməsinin qərarı ilə Reyhanə Cabbari edam cəzası almışdı.
Milli.Az AsiaTimes-a istinadən bildirir ki, Reyhanənin anası Şölə Pakrəvanın dediyinə görə, qızını "dövlət məmurunu qətlə yetirməkdə" ittiham etmişdilər: "Halbuki o adam məmur deyildi, cinayətkardı, irz düşməniydi. Qızıma təcavüz etmək istəyirdi".
Şölənin dediyinə görə, qızı son məktubunda, daha doğrusu, vəsiyyətində yazıb: "Məni müsəlman qaydalarına uyğun olaraq dəfn edin. Amma anamı məzarımın başında ağlamağa, fəryad etməyə qoymayın. Ölümümdən sonra anamın qara geyməsini, yas saxlamasını da istəmirəm. Ana, məni ağlama! Yalvarıram, ağlama. Ağlasan, məzarda əzab çəkəcəyəm. Səni sevirəm. Ölümdən qabaq səni bağrıma basa bilmədiyimə yanıram".
Reyhanə onu da yazıb ki, ölümündən sonra orqanları əza transplantasiyası üçün istifadə olunsun.
Şölə Pakrəvan Tehrandakı "Rəcai Şəhri" həbsxanasının giriş qapısı ağzında ağlayarkən, Allaha yalvararkən onun videosu çəkilib.
Reyhanə Cabbari 2009-cu ildə onu zorlamaq istəyən Mürtəza Əbdüləli Sərbəndini bıçaqla vuraraq öldürməkdə suçlanmışdı. M.A.Sərbəndi İran kəşfiyyatının sabiq zabiti idi.
"Friends of a Free Iran" təşkilatının prezidenti Jerar Deprenin dediyinə görə, İran prezidenti Həsən Ruhani hakimiyyətə gələn gündən bəri ölkədə 1000 nəfər edam olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.