Əməkdar artist: "İndi mənə elə dəvət gəlməlidir ki, yenidən teleaparıcı kimi fəaliyyət göstərim"

27 Oktyabr 2014 03:00

Əməkdar artist, aktyor-rejssor Nicat Kazımovun Milli.Az-a müsahibəsi
 

- Nicat bəy, yeni iş mövsümü sizin üçün hansı yeniliklərlə, tamaşalarla başladı?

- Yeni mövsümdə Gənc Tamaşaçılar Teatrında "Qoğalın nağılı" adlı tamaşamın premyerası oldu və tamaşa balaca tamaşaçılar tərəfindən çox gözəl qarşılandı. Ümumiyyətlə, iki mövsüm arasında məzuniyyətim olmadı. Çox gözəl və möhtəşəm bir iş gördük. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən tarixi rekonstruksiya formatında "Tarixin canlı səhifələri"nin ikinci hissəsi oldu. Avqust 23-də Suraxanıda "Atəşgah" məbədində onu oynadıq.
 

- Bu, tamaşadır?
 

- Bunun birincisini Şəkidə bu ilin mayın 2-də oynamışdıq, ikincisi Suraxanıda oynanıldı. Tarixin beş dönəmini özündə əks etdirən tamaşadır.
 

- Kimlər rol almışdı həmin tamaşada?
 

- Komandam daha çox gənc aktyorlardan ibarət idi. Leyli Vəliyeva, Şəlalə Şahvələdqızı, Şəhla Əliqızı, Sevinc Mehrəliyeva, Elnur Kərimov, Kərəm Hacızadə, Elşən Hacıbabayev, Vüsal Mehrəliyev bu tamaşada iştirak edirdilər. Ümumilikdə 150 nəfərin iştirak etdiyi tamaşada 25-30 nəfər peşəkar aktyor iştirak edirdi.
 

- Niyə hələ də sizin "Azdrama"da tamaşalar qoymağınızı kimlərsə qəbul edə bilmir? Yəqin ki, özünüz də belə söz-söhbətləri eşidirsiniz.
 

- Məni qəbul etmək istəməyən adama özümü qəbul elətdirmək istəmirəm. İkincisi, bu barədə danışıb kiməsə cavab vermək fikrim yoxdur. Çünki mənim işim göz qabağındadır. Əslində, jurnalistlərdan bir balaca yanıqlıyam. Məsələn, jurnalist mənim işimi-sənətimi, tamaşalarımı bəyənirsə, sabah kimsə ona müsahibə verəndə mənim haqqımda ağzına gələni danışırsa və jurnalist də götürüb onu yazırsa, bəs jurnalistin şəxsiyyəti harda qaldı?
 

- Söhbət kimdən gedir?
 

- Ad çəkmək istəmirəm. Çünki "skandal"dan bacardığım qədər qaçıram. Amma həmin jurnalistlər mənə zəng vurub, tamaşalarımın vaxtını soruşurlar, tamaşalarımı bəyəndiklərini deyirlər və sonra da belə şeylər yazırlar. Sizə bir alleqorik əhvalat danışım. Bir dəfə fil çaydan keçir, tula da filin dalınca hürür. Fil tulaya məhəl qoymadan çayı keçir. Bunu görən Şir tulaya yaxınlaşıb soruşur ki, ay tula, qorxmursan fil qayıdar, səni tapdayar? Tula cavab verir ki, amma "zato" mən filə hürürəm. Mən başımı aşağı salıb işimlə məşğul oluram. Əslində, bəyənmədiyini deyən insanlar da bəyənirlər, üz-üzə gələndə xoş sözlər deyirlər. Niyə arxamca belə sözlər danışırlar, onu bilmirəm. Onların mənlikləri, kişilikləri və sair qalsın öz boyunlarına. Mənimçün onların fikri etalon deyil. Ümumiyyətlə, heç kəsin fikrini etalon kimi qəbul etmirəm.
 

- Daha çox gənclərlə işləməyə üstünlük verirsiniz. Yaş keçdikcə də belə düşünürsünüzmü ki, onlarla işləmək daha rahatdır?
 

- Gənclərlə işləmək deyəndə ki, onların əksəriyyəti gənc yaşından çıxıblar. Bəzilərinin yaşı qırxı haqlayıb, bəziləri qırxı keçib. "Gənclərlə işləmək niyə asandır" məsələsinə gəlincə, həmfikir olmalıyıq. Amma gənclərlə yanaşı yaşlılarla da işləmişəm. Rafiq Əzimov, Telman Əliyev, Laləzar Mustafayeva, Ağaxan Salmanlı, Kübra Dadaşova, Almaz Mustafayeva, rəhmətlik Azər Mirzəyev mənim tamaşalarımda rol alıblar. Bir də baxır ki, rol, obraz nə tələb edir. Əgər əsər məndən tələb etsə ki, filan aktyor olmalıdır, ona müraciət edəcəyəm. Həmin aktyorun razılaşıb-razılaşmayacağı ayrı məsələdir.
 

- Yəqin rola görə sizdən inciyən aktyorlar, aktrisalar çox olur.
 

- Elə şeylər yüz faiz olur. Elə bir aktyor tanımıram ki, özünü bütün əsərlərdə baş rolda görməsin. Amma rejissor onu o tamaşada görürmü, əsas məsələ budur. Dramaturqun yazdığı pyeslə rejissorun hazırladığı tamaşa ayrı-ayrı şeylərdir. Aktyor əsərlə tanışdırsa, o, yalnız dramaturqun yazdığı pyesi bilir, rejissorun hazırladığını yox. Pyes dramaturqun, tamaşa rejissorun məhsuludur. Məsələn, mən üçüncü Riçardı oynamaq arzusundaydım. Amma Cənnət Səlimova həmin rolda Şövqi Hüseynovu gördü. Bu, onun haqqıdır. İndi buna görə Cənnət xanımdan inciməliyəm? Əsla.
 

- Həmin tamaşanı özünüz hazırlayıb oynaya bilməzdiniz?
 

- Yox, yox. Akademik Milli Dram Teatrında hazırladığım "Şorgöz" tamaşasında əsas rolu oynayıram. Orada da çıxılmaz vəziyyətdə qaldığımıza görə belə oldu.
 

- Digər tamaşalarınızda da yaddaqalan rollarınız var.

- Bəli, amma, əksəriyyəti kiçik rollar olur. Ola bilməz ki, tamaşa hazırlayım və özüm də Riçardı oynayım. Onda tamaşa keyfiyyətli olmayacaq.
 

- Tamaşalarınızda oynadığınız rolları heç kim oynaya bilmir, yoxsa aktyor kimi "paslanmamaq" üçün özünüz də səhnəyə çıxırsınız?
 

- Hər iki meyar ola bilər. Mən aktyorluğu çox sevirəm. Arzusunda olduğum obrazlar var. İstərdim başqa rejissorlar hazırlasınlar və imkan olsa, həmin rolları mənə versinlər (gülür). Məsələn, "Pəru cadu" tamaşamda İblisi oynayıram. Məsələyə eqoistcəsinə yaxınlaşsaydım, Qurban rolunu da oynaya bilərdim. Kim mənə bir söz deyəcəkdi ki? Düşündüm ki Elşən Rüstəmov orada daha məqsədəuyğundur. "Kölgə", "Şahzadeyi Xəzər" və bir neçə tamaşamda da oynadığım rollar var.
 

- Teleaparıcı kimi yetərincə qəbul olunurdunuz. Amma son zamanlar bu sahədə fəaliyyətiniz yoxdur. Niyə?
 

- İndi mənə elə dəvət gəlməlidir ki, yenidən teleaparıcı kimi fəaliyyət göstərim. O veriliş məni qane etməlidir.
 

- Bir dəfə demişdiniz ki, teleparıcılıqdan qazandığım üçün bu sahədə çalışıram. Bəlkə, maddi durumunuz istədiyinizi kimidir deyə, uzaqlaşmısınız?

- Bəli, maddiyyata görə teleaparıcı kimi fəaliyyət göstərmişəm. Amma verilişin çəkisi də olmalıdır. Maddi durumum yaxşılaşması səbəb deyil. Maddi durumum super deyil, aydan 210 manat maaş alıram.
 

- Mənziliniz də yoxdur.

- Bəli, mənzilim yoxdur. Vaxtında əksər seriallara çəkilməkdən imtina etdim. Bilirsiniz, ya həddən artıq çox pul verməlidirlər, ya da sənət olmalıdır ki, az qonorara göz yumasan. Guya televiziyadan nə qədər pul alırdım? Ayda beş, yaxud on min manat almırdım ki...
 

- Təminən 600-700 manat idi, deyəsən.
 

- Bəli, o civarda bir məbləğ idi. İndiki zamanda o pul ailə dolandırmağa yetmir. Məsələn, aparıcısı olduğum "Şou qalib" həddən artıq populyar idi, "Söz oyunu" da pis deyildi. Arada elə verilişlər də olub ki, razılaşdığıma peşman olmuşam
 

- Məsələn?
 

- Keçək o məsələdən. Amma daha sanballı, keyfiyyətli verilişə dəvət etsələr, məmnuniyyətlə, razılaşaram.
 

- Bayaq bildirdiniz ki, seriallardan imtina etmisiniz. Amma bizim yetərincə tanınan aktyorlar o seriallarda çəkilirlər. Sizin onlardan üstünlüyünüz nədir ki, imtina edirsiniz?

- Əsla belə düşünmürəm. Amma hansısa aktyor əttökən rol oynayırsa, ona da bir söz deyə bilmərəm. Mən tamaşalarımda da suyu üfürə-üfürə içirəm. Kiminsə seçiminə qarışmaq fikrim də yoxdur.
 

Elçin Tağıyev

Milli.Az