Bakı avtobuslarında "dolu-vaxt" əcaibliyi

27 Oktyabr 2014 02:30
Bakının sərnişin nəqliyyatında, deyəsən, yeni qaydalar var. Bundan sonra gedəcəyiniz yerə gecikməmək üçün içi sərnişinlə dolu olan avtobus seçin
Milli.Az xəbər verir ki, Bakıda avtobuslarla bağlı problemlər mövzuya çevrilib "çeynənilsə" də hər hansı bir çarə tapılmır. Bu dəfə isə avtobuslar arasındakı vaxt intervalı sərnişinləri təbdən çıxarıb.

Oxucularımızdan biri redaksiyamıza 125 saylı marşrut xəttindən şikayətlənib. O bildirir ki, dayanacaqda durub avtobus gözləməkdən təngə gəlib:

"Bəzən olur ki, 125 nömrəli avtobusu 40-45 dəqiqə gözləməli oluruq. Soyuq havada avtobus gözləməkdən donuruq, heç bir yerə vaxtında çatmırıq. Xahiş edirik, şikayəti işıqlandırasınız".

Problemlə bağlı "Bakısərnişinnəqliyyat" Departamenti ilə əlaqə saxladıq. Departamentdən bildirdilər ki, sözügedən avtobusa tələb az olduğundan, onlar xəttə az sayda buraxılırlar.

"Həmin avtobuslardan ara günləri 7-si, şənbə və bazar günləri isə 5-i xəttə buraxılır".

Niyə bu qədər az olduğunu soruşduqda isə: "125 saylı avtobusdan az sərnişin istifadə edir və ona olan tələb az olduğundan irəli gəlir", - dedilər.

Ceyhun Ələkbərov
Milli.Az