Nazirlik: Gürcüstan və Ermənistanda Kür və Araz çaylarına məişət tullantıları və çirkab su axıdılır

22 Dekabr 2010 10:56
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, dekabrın II ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının I ongünlüyünə nisbətən 4 m3/san artaraq 106 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3,  Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 40,4 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 4 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,12-6,75 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Milli.Az